“Bir dünyanın min rəngi” adlı tədbirdə inklüzivliyin əhəmiyyəti vurğulanıb

20.04.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-Psixologiya FBK-nın fəaliyyət planı Autizm Maarifləndirmə ayı çərçivəsində gənc müəllimlərin təşkilatçılığı və Ailə və ev təhsili şöbəsinin əməkdaşlığı ilə “Bir dünyanın min rəngi” adlı tədbir keçirilib.
Tədbir zamanı tələbələrin ifasında müxtəlif səhnəciklər, çıxışlar, musiqi və rəqs nömrələri təqdim olundu və bununla da fərqliliklərin gözəlliyi, hər bir insanın özünəməxsus dünyası və cəmiyyətimizdə inklüzivliyin əhəmiyyəti vurğulandı.
Autizmli şəxslərin daxili dünyasını əks etdirən səhnəcik isə tədbir iştirakçıları tərəfindən böyük maraq və həssaslıqla qarşılanıb.
“ Bir dünyanın min rəngi” adlı tədbir hər birimizin daxilində bir dünya daşıdığını və bu dünyaların birlikdə daha gözəl olduğunu bir daha nümayiş etdirdi.

“Tariximizin iziylə” klubunda Mehdi Hüseynzadəyə həsr olunan film müzakirə olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar FBK müəllimi S. Gülnarənin təşkilatçılığı ilə “Tariximizin iziylə” klubu çərçivəsində növbəti görüş keçirilib.
Tədbirdə tələbələrlə birlikdə II Dünya Müharibəsinin azərbaycanlı qəhrəmanı Mehdi Hüseynzadə (Mixaylo) haqqında “Uzaq sahillərdə” filmi izlənilib və müzakirə edilib.
Müzakirədə tələbələr onun həyatı, partizan fəaliyyəti və qəhrəmanlığı barədə məlumat əldə ediblər. Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə göstərdiyi şücaət və 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi vurğulanıb.
Qeyd olunub ki, Mixaylo obrazı Azərbaycan gəncləri üçün vətənpərvərlik nümunəsi kimi xüsusi əhəmiyyət daşıyır.

Zirə Eko-Parkına təşkil olunan ekskursiya tələbələr üçün maarifləndirici və yaddaqalan olub

17.04.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Azərbaycan dili və ədəbiyyat” fənn birləşmə komissiyasının müəllimləri - Aygün Əzənmədova və Naibə Məmmədlinin təşkilatçılığı ilə III kurs AET 23/04 SB qrup tələbələrinin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Eko-Parkına ekskursiyası təşkil olunub.
Tələbələr Zirə mədəniyyət Mərkəzində yerləşən – “Yaşıllıq qalereyası”, “Xalça muzeyi”, “Milli geyimlər moda studiyası”, ekzotik gül və ağac kompozisiyasından ibarət “Orxideya evi” ilə tanış olublar.
Parkda tələbələr - Aytən Novruzova, Aygül Butayeva və Aynurə Məmmədova pedaqoji tədris təcrübəsi üzrə məşğələ icmallarını təqdim ediblər.
“Orxideya evi” ndə isə müəllimlərin təşkil etdikləri öyrədici oyun keçirilmişdir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi və təcrübəçi tələbələrin dünyagörüşünü artırmaq məqsədilə təşkil olunan ekskursiyada flora və faunanın qorunması, estetik zövqün yüksəlməsi, estetik tərbiyə kimi məsələlər önə çəkilmişdir.
Pedaqoji prosesin tərkib hissəsi olan ekskursiya ümumilikdə maraqlı və yaddaqalan olmuşdur.

Kollec rəhbərliyi yeni seçilmiş TGT sədri ilə görüş keçirdi

20.04.2026 ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin rəhbərliyinin yeni seçilmiş Tələbə Gənclər Təşkilatının sədri Zəhra Musayeva ilə görüşü keçirildi. Görüşdə gələcək planlar, görüləcək işlər barədə müzakirələr aparıldı.

Heydər Əliyevin 103 illiyinə həsr olunmuş şahmat yarışı təşkil edilib

20.04.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman tədbirləri çərçivəsində şahmat üzrə yarış təşkil edilib.
Tədbir “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektor müdiri İlham Səfərov, kollecin direktoru Amalya Sezgin, eləcə də kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Azərbaycanda idmanın inkişafının Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji siyasətə əsaslandığını bildiriblər.
Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idman sahəsi inkişaf etdirilir, gənclərin sağlam həyat tərzi və idmana marağı artırılır.
Sonda qaliblərə diplom və medallar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.