“English Skills Development Club”da tələbələr üçün interaktiv oxu və yazı fəaliyyəti keçirilib

ADPU-nun nəzdində ADPK-nın xarici dil müəllimləri Kərimova Nigar, Hacıyeva Gülərin təşkilatçılığı ilə "English Skills Development Club” çərçivəsində növbəti görüş uğurla təşkil olunmuşdur.
Bu dəfəki mövzu “My City" – Məqalə oxuma və əsas ideyanı tapmaq, qısa esse: "My City (Reading + Writing)” olub.
Görüş zamanı tələbələr ingilis dilində məqalə oxuyaraq mətnin əsas ideyasını müəyyənləşdirmək bacarıqlarını inkişaf etdiriblər.
Oxu mərhələsindən sonra iştirakçılar “My City” mövzusunda qısa esse yazaraq yazı bacarıqlarını təkmilləşdiriblər. Tapşırıqlar interaktiv formada təşkil olunub və tələbələrin fəal iştirakı ilə yadda qalan müzakirələr aparılıb.
Bu cür fəaliyyətlər tələbələrin həm oxu, həm də yazı üzrə dil bacarıqlarının inkişafına mühüm töhfə verir.
“English Skills Development Club” gələcək görüşlərdə də tələbələrin dil biliklərinin artırılmasına yönəlmiş maraqlı və faydalı mövzularla çıxış etməyə davam edəcək.

Tələbələr Azərbaycan Dövlət Pantomima Teatrında “Pantomima buketi” tamaşasını izləyiblər

ADPU-nun nəzdində ADPK-nın “Pedaqogika- Psixologiya” fənn birləşməsinin müəllimi Bayramova Sara Marks qızının təşkilatçılığı ilə MQT24/03 SBr və MQT25/04 SBr qrup tələbələri 18 aprel 2026-cı il tarixində, saat 18:00-da Dövlət Pantomima Teatrında “Pantomima buketi” tamaşasına baxmışlar.
Gələcək pedaqoqların peşəkar hazırlığı çərçivəsində təşkil olunan bu səfər gözləniləndən daha yüksək nəticələr vermişdir.
Tamaşının pedaqoji əhəmiyyəti: mədəni qeyri-verbal ünsiyyət bacarıqları, inklüziv təhsilə hazırlıq, psixoloji empatiyanın inkişafı, yaradıcı motivasiya, kollektivin konsolidasiyası.
Tamaşa zamanı aktyorların istifadə etdiyi bədən dili, mimika və jestlər tələbələr üçün canlı əyani vəsait rolunu oynamışdır.
Bu, gələcək müəllimlərə dərslərdə sözsüz kommunikasiyanın gücündən istifadə edərək şagirdlərlə daha yaxın təmas qurmağı öyrətmişdir.
Tamaşa xüsusilə nitq və eşitmə məhdudiyyəti olan uşaqlarla işləyəcək pedaqoqlar üçün vizual ünsiyyət texnikalarının dərindən anlaşılmasına şərait yaratmışdır.
Sözlərin olmadığı bir mühitdə obrazların hisslərini duymaq tələbələrdə empatiya hissini gücləndirmişdir.
Bu keyfiyyət müəllimin şagirdin daxili aləmini və psixoloji vəziyyətini daha dürüst qiymətləndirməsinə kömək edir.
Aktyorların ustalığı tələbələrdə gələcək dərslərini daha kreativ, interaktiv və maraqlı qurmaq üçün yeni metodik ideyalar formalaşdırmışdır.
Müəllim və tələbə heyətinin birgə iştirakı kollec daxilində korporativ mədəniyyəti gücləndirmiş, müəllim-tələbə münasibətlərində müsbət emosional fon yaratmışdır.
Bu cür mədəni-estetik fəaliyyətlər müasir müəllim şəxsiyyətinin formalaşmasında, onların dünyagörüşünün zənginləşməsində və peşəkar bacarıqlarının təkmilləşməsində əvəzsiz rola malikdir.
 

Birlikdə əkdik, birlikdə qoruyacağıq

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 3 şöbənin birgə təşəbbüsü ilə həyata keçirilən gül əkmə aksiyası sadəcə ekoloji fəaliyyət deyil, eyni zamanda sosial məsuliyyət nümunəsi oldu.
Bu təşəbbüs vasitəsilə tələbələrdə birlik, əməkdaşlıq və cəmiyyətə faydalı olma dəyərləri gücləndirildi.
Birlikdə görülən işlər sosial bağları möhkəmləndirir və hər bir fərdin cəmiyyət üçün önəmli olduğunu göstərir.
Aksiya xüsusilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən “Məqsəd 17: Tərəfdaşlıqlar naminə məqsədlər” (birlik və əməkdaşlıq) və “Məqsəd 15: Quru ekosistemlərinin qorunması” (təbiətin mühafizəsi və yaşıllaşdırma) istiqamətlərinə uyğun olaraq təşkil olundu.
Artıq əkilən dibçəklər hər şöbənin yaxınlığında yerləşdiriləcək və həmin şöbənin tələbələri tərəfindən qorunacaq.
Bu isə məsuliyyət hissinin formalaşmasına, davamlılıq düşüncəsinin inkişafına və sosial iştirakın güclənməsinə töhfə verəcək .
Birlikdə əkdik, birlikdə qoruyacağıq.
 

Qanvermə aksiyasında tələbələrimiz də fəal iştirak edib

Aprel ayının 22-si saat 10:00-da Yasamal Rayon Heydər Əliyev Mərkəzində Yasamal Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Keçirilən aksiyada ADPU-nun nəzdində Pedaqoji Kollecin tələbələri də fəal iştirak ediblər.

Müəllim və tələbələrin “Nur” uşaq evinə sosial-mədəni səfəri təşkil olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat–İnformatika FBK-nın müəllimi Kərimova Samirə, Xarici Dillər FBK-nın müəllimi Məmmədova Məlahət və Kompüter Şəbəkələri və Şəbəkə İnzibatçılığı ixtisasının II kurs tələbələri ilə birlikdə “Nur” uşaq evinə təşkil edilən səfər uğurla həyata keçirilmişdir.
Səfər çərçivəsində tələbələr uşaqlarla müxtəlif maraqlı oyunlar oynamış, əyləncəli fəaliyyətlər təşkil etmiş və onlarla səmimi ünsiyyət quraraq sevinc dolu anlar yaşatmışlar.
Bu görüş uşaqlar üçün unudulmaz olduğu qədər, tələbələrimiz üçün də olduqca duyğusal bir günə çevrilmişdir.
Birlikdə keçirdiyimiz bu gözəl gün həm yadda qalan xatirələrlə zəngin olmuş, həm də paylaşmağın, qayğının və diqqətin nə qədər dəyərli olduğunu bir daha nümayiş etdirmişdir.