TGT

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin 15 fevral 2005-ci il tarixli, 41 nömrəli Sərəncamına əsasən, ölkədə ali və orta ixtisas təhsili müəssisələrində gənclərlə işin səmərəli təşkili məqsədilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır.

Azərbaycan Dövlət Pedaqoji Kollecində Tələbə Gənclər Təşkilatı 2007-ci ildən fəaliyyət göstərir. Hazırda təşkilata Aysu Ələsgərli rəhbərlik edir. TGT – ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai birliyidir. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyası, mövcud qanunvericilik, Təhsil Nazirliyinin normativ sənədləri və öz əsasnaməsi əsasında fəaliyyət göstərir.

TGT-nin əsas missiyası dövlət gənclər siyasətinin həyata keçirilməsinə dəstək vermək, tələbələrin hüquq və maraqlarını müdafiə etmək, onların bilik, bacarıq və yaradıcılıq potensialını üzə çıxarmaq və cəmiyyətə faydalı fərdlər kimi formalaşmasına təkan verməkdir. Təşkilat yarandığı gündən etibarən bir sıra istiqamətlər üzrə aktiv fəaliyyət göstərmişdir:

• Vətənpərvərlik və milli dəyərlər ruhunda tərbiyə işinin təşkili;

• Tələbələrin sosial, psixoloji və hüquqi məsələlərinə dair maarifləndirmə tədbirləri;

• Asudə vaxtın səmərəli təşkili, istedad və yaradıcılığın inkişafı;

• İdman və sağlam həyat tərzinin təbliği, yarışların və aksiyaların təşkili;

• Elmi, mədəni və intellektual tədbirlərin (seminar, təlim, forum, simpozium, müsabiqə və s.) keçirilməsi;

• Respublika və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə tələbələrin iştirakının təmin edilməsi.

TGT-nin təşəbbüsü və təşkilatçılığı ilə kollecdə indiyədək çoxsaylı mədəni-kütləvi tədbirlər, sosial aksiyalar və maraqlı layihələr həyata keçirilib. Tələbələrin öz bacarıqlarını göstərməsi üçün hər zaman açıq platforma yaradan təşkilat, həmrəylik və komanda ruhunun formalaşmasına da töhfə verir.

Təşkilatın nəzdində fəaliyyət göstərən klublar:

• İdman klubu – sağlam həyat tərzi və bədən tərbiyəsi təşviq olunur;

• Xeyriyyə klubu – humanitar layihələr, sosial dəstək təşəbbüsləri;

• Kitab klubu – mütaliə mədəniyyətinin təşviqi, müzakirə görüşləri;

• Debat klubu – tənqidi düşüncə və natiqlik bacarıqlarının inkişafı;

• İncəsənət klubu – yaradıcılıq, rəssamlıq və musiqi fəaliyyətləri üçün imkanlar yaradır.

TGT kollec həyatını daha rəngarəng, faydalı və mənalı edən əsas strukturlardan biridir. Gənclər burada yalnız oxumaqla kifayətlənmir, həm də cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin bir parçasına çevrilirlər.