S: Tam orta məktəbi 2024-cü ildə bitirmişəm və buraxılış imtahanında iştirak etmişəm. Həmin nəticə ilə 2025-ci ildə imtahan vermədən kolleclərin müsabiqəsində iştirak edə bilərəmmi?
Həm IX, həm də XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur. 2024-cü ildə buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər 2025-ci ildə imtahan vermədən kolleclərin müsabiqəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman onlar müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər. Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər.
S:2025-ci ildə peşə liseyini bitirən və buraxılış imtahanında iştirak edən abituriyentlər V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün əlavə imtahan verməlidirlərmi?
Xeyr, peşə liseyini cari ildə bitirən və buraxılış imtahanında iştirak edən lisey məzunları da kolleclərin və V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində 11-ci sinfi cari ildə bitirənlərlə eyni qaydada – buraxılış imtahanının nəticələri əsasında iştirak edirlər.
S:Orta məktəbi cari ildə Azərbaycan bölməsi üzrə bitirirəm. Ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin rus bölməsinin ixtisaslarının müsabiqəsində iştirak edə bilərəm?
Bəli, iştirak edə bilərsiniz. Qeyd edək ki, tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən əlavə imtahan verməlidirlər.