2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı olan ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin təsis edilməsinin 100 illiyi tamam oldu. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Tarixi faktlara nəzər yetirsək, Kollec 1919-cu ildən indiyə kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir:
• 1919–1920-ci illərdə — Bakı Kişi Müəllimləri Seminariyası;
• 1920–1925-ci illərdə — Bakı Qadın Müəllimləri Seminariyası;
• 1925–1926-cı illərdə — Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası;
• 1926–1930-cu illərdə—Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu;
• 1936–1938-ci illərdə — M. Ə. Sabir adına Mərkəzi Beynəlmiləl Texnikumu;
• 1938–1963-cü illərdə — M. Ə. Sabir adına Rus Pedaqoji Məktəbi;
• 1968-ci ildən — M. Ə. Sabir adına Bakı Pedaqoji Məktəbi;
• 1991-ci ilin dekabrından — M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu;
• 23 dekabr 1999-cu ildən — M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci;
• 13 iyun 2000-ci ildən — Azərbaycan Dövlət Pedaqoji Kolleci;
• 03 fevral 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2016-cı il tarixli, 30№-li Qərarına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.03.2016-cı il tarixli əmrinə əsasən digər qocaman təhsil müəssisəsi olan Bakı Sənaye - Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə birləşdirilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdinə verilmişdir və hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlanır.
- Hazırda kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı
- Kompüter şəbəkəsi avadanlıqlarının təmiri və servisi
- Məktəbəqədər təhsil İnklüziv təhsil
- Fiziki tərbiyə müəllimliyi Mədəni-kütləvi tədbirlərin təşkilatçısı
- Sosial iş
- Rəngkarlıq
- Ailə və ev təhsili
- Dekorativ-tətbiqi sənət Dizayn (sahələr üzrə)
Kollecin müxtəlif inkişaf mərhələlərində rəhbərlik etmiş şəxslər M. Ə. Sabir adına Pedaqoji Kollec:
1950–1990-cı illər ərzində kollecin idarə olunmasında Rübabə Axundova, Emma Musayeva, Leyla Zeynalova, Tatyana Əliyeva və Oqtay Babayev fəaliyyət göstərmişlər. Sonrakı illərdə, 1990–2016-cı illər ərzində isə kollecin rəhbərliyini Nurlana Müzəffər qızı Əliyeva həyata keçirmişdir.
Bakı Sənaye-Pedaqoji Kolleci:
- Məhəmməd Hilal oğlu Əlizadə (1948-1972) Ağakərim Cümşüd oğlu Orucov (1972-1990)
- Əhməd Əbdülkərim oğlu Vəliyev (1990-1997)
- Vidadi Ömər oğlu Orucov (1997-2016
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci:
- Qulu Novruz oğlu Novruzov — 2016–2018
- İsrayıl İsa oğlu İsgəndərov — 2018–2025
- Amalya Mahal qızı Sezgin — Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 29 iyul 2025-ci il tarixli əmrinə əsasən, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin edilmişdir.
Kollecin yaranması və fəaliyyəti
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk illərində ölkədə orta ixtisas təhsilinin bərpası milli müəllim kadrlarının hazırlanması ilə başladı. Ümumtəhsil məktəblərinin sürətlə artması və şagird sayının çoxalması Azərbaycan dilində dərs deməyi bacaran müəllimlərə böyük ehtiyac yaradıb.
Hökumətin təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi islahatların əsas istiqamətlərindən biri ali və orta ixtisas məktəblərinin yaradılması, milli müəllimlərin hazırlanması üçün yeni darülmüəllimlərin (kişi müəllim seminariyası) və darülmüəllimatların (qadın müəllim seminariyası) təşkil edilməsi idi.
Bu məqsədlə Bakı Kişi Müəllimlər Seminariyası açıldı və ona Rəşid bəy Əfəndiyev rəhbərlik etdi. Sonradan seminariyaya Pənah Qasımov rəhbər təyin olundu. O, Hüseyn Cavid, Abdulla Şaiq, Soltan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayev kimi dövrün tanınmış ziyalılarını tədrisə cəlb etdi. Qısa zamanda məktəbdə ciddi nizam-intizam və yüksək tədris səviyyəsi formalaşdı, nüfuzu qonşu respublikalara qədər yayıldı.
Tələbələrin biliyini qiymətləndirən komissiya yalnız 40 nəfəri təhsilə davam etməyə layiq gördü. Onlardan 9 nəfər 1922/23-cü ildə ilk məzunlar oldu və ölkənin müxtəlif bölgələrinə müəllim kimi göndərildi. Sonrakı illərdə seminariyanı onlarla gənc müəllim bitirdi və Azərbaycanın müxtəlif bölgələrində fəaliyyətə başladılar.
1920-ci ildə Bakıda Darülmüəllimat – qadın müəllim seminariyası yaradıldı. Müdir Mədinə xanım Qiyasbəyli, tədris hissə müdiri isə Gövhər xanım Qayıbova idi. Burada Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Abdulla Şaiq və digər tanınmış müəllimlər dərs deyirdilər. 120 qızın ana dilində təhsil alması Azərbaycan qadınının həyatında mühüm hadisə oldu.
1925-ci ildə bu məktəbin ilk buraxılışında 16, 1926-cı ildə isə 40 qız müəllimlik vəsiqəsi aldı. Onların bir çoxu sonradan ali təhsil aldı, dövlət təltiflərinə layiq görüldü. Burada təhsil almış Mirvarid Dilbazi, Şəfiqə Qiyasbəyli, Ümidə Qafarzadə kimi qadınlar maarif və mədəniyyət sahəsində böyük xidmətlər göstərdilər.
1926-cı ildə iki seminariya birləşdirilərək Bakı Müttəhid Pedaqoji Texnikumu adlandırıldı. Direktor Pənah Qasımov, tədris işləri üzrə müavin Camo Cəbrayılbəyli idi. Texnikum ibtidai sinif müəllimləri və məktəbəqədər müəssisələr üçün tərbiyəçilər hazırlayırdı.
1927-ci ildə birləşmiş məktəbin ilk buraxılışı keçirildi və 105 nəfər məzun müxtəlif bölgələrdə fəaliyyətə başladı. Həmin illəri xatırlayan Mirvarid Dilbazi yazırdı ki, burada təhsil alan müəllimlər yüksək vətənpərvərlik və peşəkarlıq nümunəsi göstərirdilər.
Təəssüf ki, bu məktəbin bir çox məzunları sonrakı illərdə şəxsiyyətə pərəstiş dövrünün qurbanı oldular. Onlardan biri də 21 ilini sürgün və həbs düşərgələrində keçirmiş Cəfər Rəmzi idi.
Bu təhsil ocaqları Azərbaycan maarifçiliyinin və milli pedaqoji kadr hazırlığının formalaşmasında mühüm rol oynadı.