20.04.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman tədbirləri çərçivəsində şahmat üzrə yarış təşkil edilib.
Tədbir “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektor müdiri İlham Səfərov, kollecin direktoru Amalya Sezgin, eləcə də kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Azərbaycanda idmanın inkişafının Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji siyasətə əsaslandığını bildiriblər.
Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idman sahəsi inkişaf etdirilir, gənclərin sağlam həyat tərzi və idmana marağı artırılır.
Sonda qaliblərə diplom və medallar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.