“English Skills Development Club”un növbəti görüşü “Past Events” mövzusuna həsr olunub

ADPU-nun nəzdində ADPK-nın xarici dil müəllimi Ağayeva Turanənin təşkilatçılığı ilə “English Skills Development Club” çərçivəsində keçirilən növbəti görüş “Past Events” mövzusuna həsr olunmuşdur.
Görüş zamanı iştirakçılar qısa hekayələrin oxunması üzərində çalışaraq mətnin məzmununu anlama və təhlil etmə bacarıqlarını inkişaf etdirmişlər.
Eyni zamanda “Past Simple” qrammatik mövzusu izah olunmuş və müxtəlif praktiki tapşırıqlar vasitəsilə möhkəmləndirilmişdir.
Sessiyanın yazı hissəsində tələbələr keçmiş hadisələrə dair məktub yazaraq həm qrammatik biliklərini, həm də yazı bacarıqlarını tətbiq etmək imkanı əldə etmişlər.
Bu cür görüşlər tələbələrin ingilis dili üzrə ümumi bacarıqlarının inkişafına mühüm töhfə verir.

“Sağlam gələcək naminə zərərli vərdişlərə yox deyək!” mövzusunda seminar keçirildi

06.05.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Təbiət elmləri fənn birləşmə komissiyasının müəllimi Svetlana Əhmədova tərəfindən İT24/01SB qrupunda “Sağlam gələcək naminə zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici seminar keçirilmişdir.
Seminarın keçirilməsində əsas məqsəd tələbələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin insan sağlamlığına vurduğu ziyanın izah edilməsi və bu vərdişlərdən uzaq durmağın vacibliyinin aşılanması olmuşdur.
Seminar giriş sözü ilə açılaraq sağlamlığın insan həyatında mühüm rol oynadığı vurğulanmış, siqaret, alkoqol və narkotik maddələrin orqanizmə mənfi təsirlərindən ətraflı bəhs edilmişdir.
Seminarda Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis polkovnik-leytenantı Anar İbrahimov və Yasamal Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov da iştirak etmişlər və tələbələri bu mövzuda maarifləndirmişlər.
Daha sonra tələbələr mövzu ətrafında fəal iştirak edərək öz fikirlərini bildirmiş, zərərli vərdişlərin yaranma səbəbləri və onların qarşısının alınması yolları haqqında müzakirələr aparmışlar.
Seminar zamanı sağlam həyat tərzinin üstünlükləri, idmanın, düzgün qidalanmanın və faydalı vərdişlərin əhəmiyyəti xüsusi qeyd olunmuşdur.
Sonda müəllim çıxış edərək sağlam gələcəyin hər bir gəncin öz seçimindən asılı olduğunu vurğulamış və tələbələrə zərərli vərdişlərdən uzaq durmağı tövsiyə etmişdir.
Seminar tələbələr tərəfindən maraqla qarşılanmış və onların dünyagörüşünün formalaşmasına müsbət təsir göstərmişdir.

Şəhla Hüseynova II Respublika elmi konfransında iştirak edib

2026-cı il 5 may tarixində AMEA Mərkəzi Elmi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II Respublika elmi konfransı keçirilmişdir.
Konfransın əsas məqsədi kitabxanaşünaslıq sahəsində mövcud problemlərin müzakirəsi, elmi təcrübə mübadiləsi və müasir yanaşmaların təqdim edilməsi olmuşdur.
Konfransda alimlər, tədqiqatçılar və kitabxana mütəxəssisləri ilə yanaşı, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin baş kitabxanaçısı Şəhla Hüseynova da iştirak etmişdir.
Şəhla Hüseynova hazırda AMEA-nın elmi-tədqiqat institutları kitabxanaçılarının peşə biliklərinin artırılması, qabaqcıl təcrübənin təbliği, eləcə də kitabxana-informasiya sahəsində elmi-innovativ biliklərin öyrənilərək tətbiqi məqsədilə təşkil olunan təlimlərdə də iştirak edir.

Tələbələr Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Məktəbəqədər təhsil ixtisasının MQT24/01SB qrup tələbələri müəllimləri Tağıyeva Samirə ilə birlikdə Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etmişlər.
Tədbir çərçivəsində əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilmişdir.
Daha sonra tələbələr mərkəzdə nümayiş olunan materiallarla tanış olmuş, Heydər Əliyevin həyat və fəaliyyəti, dövlətçilik sahəsində gördüyü mühüm işlər, eləcə də fotoşəkillər və eksponatlar haqqında ətraflı məlumat əldə etmişlər.

Narkomaniyaya qarşı maarifləndirici tədbir keçirildi

6 may 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Sağlam gələcək naminə narkomaniyadan qorunaq” adlı narkomaniyaya qarşı maarifləndirici tədbir keçirildi.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının katibi Rasim Əliyev, Yasamal Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi, polis polkovnik-leytenantı Anar İbrahimov, RPİ-nin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov, Bakı Şəhər Narkoloji Mərkəzinin psixoterapevti Günay Babayeva çıxış edərək narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlərdən bəhs etdilər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar qonaqlar tərəfindən ətraflı şəkildə cavablandırıldı.