06.05.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Təbiət elmləri fənn birləşmə komissiyasının müəllimi Svetlana Əhmədova tərəfindən İT24/01SB qrupunda “Sağlam gələcək naminə zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici seminar keçirilmişdir.
Seminarın keçirilməsində əsas məqsəd tələbələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin insan sağlamlığına vurduğu ziyanın izah edilməsi və bu vərdişlərdən uzaq durmağın vacibliyinin aşılanması olmuşdur.
Seminar giriş sözü ilə açılaraq sağlamlığın insan həyatında mühüm rol oynadığı vurğulanmış, siqaret, alkoqol və narkotik maddələrin orqanizmə mənfi təsirlərindən ətraflı bəhs edilmişdir.
Seminarda Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis polkovnik-leytenantı Anar İbrahimov və Yasamal Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov da iştirak etmişlər və tələbələri bu mövzuda maarifləndirmişlər.
Daha sonra tələbələr mövzu ətrafında fəal iştirak edərək öz fikirlərini bildirmiş, zərərli vərdişlərin yaranma səbəbləri və onların qarşısının alınması yolları haqqında müzakirələr aparmışlar.
Seminar zamanı sağlam həyat tərzinin üstünlükləri, idmanın, düzgün qidalanmanın və faydalı vərdişlərin əhəmiyyəti xüsusi qeyd olunmuşdur.
Sonda müəllim çıxış edərək sağlam gələcəyin hər bir gəncin öz seçimindən asılı olduğunu vurğulamış və tələbələrə zərərli vərdişlərdən uzaq durmağı tövsiyə etmişdir.
Seminar tələbələr tərəfindən maraqla qarşılanmış və onların dünyagörüşünün formalaşmasına müsbət təsir göstərmişdir.