Sabunçu korpusunda “Sosial işdə karyera imkanları və xaricdə təqaüdlü təhsil proqramları” mövzusunda təlim keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda “Sosial işdə karyera imkanları və xaricdə təqaüdlü təhsil proqramları” mövzusunda təlim keçirilmişdir.
Təlimçi qismində dəvət olunmuş Azərbaycan Sosial İş İctimai Birliyinin sədr müavini Tural Mirzəyev tələbələrə sosial iş sahəsində xaricdə təqaüdlü təhsil imkanları, beynəlxalq proqramlar və gələcək peşəkar inkişaf perspektivləri haqqında ətraflı məlumat vermişdir.
Təlimin əsas məqsədi tələbələrin sosial iş sahəsində beynəlxalq təhsil imkanları barədə məlumatlılığını artırmaq, onların xaricdə təhsil və təqaüd proqramlarına marağını gücləndirmək, həmçinin gələcək karyera planlamalarına dəstək olmaq olmuşdur.
Sonda tələbələrin sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Müəllimlərin 5 həftəlik proqramı çərçivəsində “Rəqəmsal platformaların seçilməsi” mövzusunda I mərhələ keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Müəllimlərin asudə vaxtının səmərəli dəyərləndirilməsi üzrə 5 həftəlik proqram” çərçivəsində 12.05.2026-cı il tarixində Riyaziyyat–İnformatika fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən proqramın I mərhələsi Yasamal və Sabunçu korpuslarında “Rəqəmsal platformaların seçilməsi” mövzusunda keçirilib.
Müzakirələr zamanı tədrisin rəqəmsallaşdırılması kontekstində müxtəlif platformaların funksional imkanları, onların pedaqoji metodikaya inteqrasiyası və effektivlik meyarları təhlil olunub.
İştirakçılar müasir təhsil texnologiyalarının tətbiqi, rəqəmsal resursların keyfiyyətinin artırılması və innovativ yanaşmaların tədris prosesinə inteqrasiyası ilə bağlı elmi əsaslandırılmış təkliflərini səsləndiriblər.

Müəllim və tələbələr Mərkəzi Nəbatat Bağına ekskursiya ediblər

Təbiət elmləri fənn birləşmə komissiyasının müəllimləri tərəfindən tələbələr üçün Mərkəzi Nəbatat Bağına ekskursiya təşkil olunmuşdur.
Ekskursiyanın əsas məqsədi tələbələrin biologiya, ekologiya və botanika sahələri üzrə nəzəri biliklərini praktik müşahidələrlə möhkəmləndirmək olmuşdur.
Ekskursiya zamanı tələbələr bağın müxtəlif bölmələri ilə tanış olmuş, burada yetişdirilən nadir və dekorativ bitki növləri haqqında ətraflı məlumat əldə etmişlər.
Müəllimlər tərəfindən bitkilərin qorunması, ekoloji tarazlığın saxlanılması və biomüxtəlifliyin əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılmışdır.
Tələbələr ekskursiya ərzində təbiətin gözəlliklərini yaxından müşahidə etmiş, müxtəlif ağac və gül növlərini öyrənmiş, həmçinin ətraf mühitin mühafizəsinin vacibliyini daha dərindən dərk etmişlər.
Ekskursiya onların elmə və təbiətə marağının artırılmasına müsbət təsir göstərmişdir.
Sonda tələbələr və müəllimlər ekskursiyanın maraqlı və faydalı keçdiyini vurğulamış, bu cür tədbirlərin davamlı olaraq təşkil olunmasının əhəmiyyətini qeyd etmişlər.

Müəllim və KŞŞİ 25/04 SB qrupunun tələbələri Zəfər Muzeyini ziyarət ediblər

Riyaziyyat-İnformatika fənn birləşməsinin müəllimləri və Sosial iş şöbəsinin KŞŞİ 25/04 SB qrupunun tələbələri birlikdə Zəfər Muzeyini ziyarət etmişlər.
Muzeydə nümayiş olunan eksponatlar, qəhrəmanlıq salnaməsini əks etdirən materiallar və yeni texnologiyalar əsasında hazırlanmış interaktiv təqdimatlar tələbələrdə böyük maraq və dərin təəssürat yaratmışdır.
Müasir multimedia vasitələri sayəsində tələbələr tarixi hadisələri daha yaxından hiss etmiş, Vətən uğrunda göstərilən qəhrəmanlıqları qürurla izləmişlər.
Ziyarət gənclərin vətənpərvərlik ruhunun güclənməsinə, tariximizə və milli dəyərlərimizə bağlılığının daha da artmasına mühüm töhfə vermişdir.

“Google Workspace – Onlayn əməkdaşlıq” mövzusunda maarifləndirici görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika fənn birləşmə komissiyasının təşkilatçılığı və kollecin “Rəqəmsal Bacarıqlar Klubu”nun təşəbbüsü ilə tələbələr üçün “Google Workspace – Onlayn əməkdaşlıq” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşün məqsədi tələbələrdə rəqəmsal əməkdaşlıq alətləri barədə məlumatlılığı artırmaq, komandadaxili iş bacarıqlarını inkişaf etdirmək və onlayn platformalardan səmərəli istifadə mədəniyyətini formalaşdırmaq olub.
Tədbirdə Google Workspace platformasının əsas xidmətləri olan Google Drive, Google Docs, Google Meet, Google Sheets və Google Classroom haqqında geniş məlumat verilib.