Riyaziyyat-İnformatika fənn birləşməsinin təşkilatçılığı ilə AI alətlərinə həsr olunmuş klub görüşü keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-İnformatika fənn birləşməsinin müəllimləri tərəfindən növbəti klubun fəaliyyəti keçirildi.
AI alətlərinə həsr olunmuş klub görüşümüz tələbələrlə birlikdə maraqlı və interaktiv formada təşkil olundu.
Görüş zamanı süni intellekt alətlərinin imkanları, onların təhsil və gündəlik həyatda tətbiqi barədə fikir mübadiləsi aparıldı, yeni texnologiyalar praktiki nümunələr əsasında öyrənildi.
Gələcəyin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş bu görüş tələbələr üçün həm faydalı, həm də motivasiyaedici oldu.

MQT24/01SB tələbələri “Məktəbəqədər Təhsildə Montessori Metodu Yanaşması” adlı təlimdə iştirak ediblər

Məktəbəqədər Təhsil şöbəsinin MQT24/01SB tələbələri Montessori Azərbaycan Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzində keçirilən “Məktəbəqədər Təhsildə Montessori Metodu Yanaşması” adlı təlimdə iştirak etmişlər. 🌷
Təlim zamanı tələbələr Montessori metodunun əsas prinsipləri, uşağın müstəqil inkişafının dəstəklənməsi, praktik fəaliyyətlərin təşkili və müasir məktəbəqədər təhsil yanaşmaları haqqında ətraflı məlumat əldə etmişlər.
Təlim interaktiv müzakirələr və praktik nümunələrlə yadda qalmışdır.

Sosial iş şöbəsində yaz imtahan sessiyası ilə bağlı valideyn iclası keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial iş şöbəsi tərəfindən yaz imtahan sessiyası ilə əlaqədar tələbələrin valideynləri ilə iclas keçirilmişdir.
İclasın məqsədi tələbələrin cari tədris vəziyyəti, akademik nailiyyətləri və davamiyyət göstəriciləri barədə valideynləri məlumatlandırmaq, həmçinin qarşıdan gələn imtahan sessiyası ilə bağlı mühüm məsələləri müzakirə etmək olmuşdur.
Sonda valideynlərin sualları cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi aparılmış və gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir.

Sabunçu korpusunda “Ekosistem və yaşıl gələcək naminə” mövzusunda maarifləndirici tədbir keçirilib

13 may 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunun akt zalında Dövlət Proqramı çərçivəsində Pedaqogika-Psixologiya fənn birləşmə komissiyasının fəaliyyət planına uyğun olaraq FBK müəllimi Simnarə Alqayevanın təşkilatçılığı ilə ekologiyanın qorunmasına həsr olunmuş “Ekosistem və yaşıl gələcək naminə” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirin keçirilməsində məqsəd tələbələr arasında ekoloji şüurun formalaşdırılması, ətraf mühitin qorunmasının əhəmiyyətinin təbliği və onların yaşıl gələcəyin qurulmasına fəal şəkildə cəlb edilməsidir.
Tədbirdə qonaq qismində iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov öz çıxışında gənclərin ekoloji maarifləndirilməsində belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı və ilk dəfə kollec səviyyəsində dəvət aldığını qeyd edərək bunu yüksək qiymətləndirdi.
Amin Məmmədov eyni zamanda ekosistemin qorunması, ətraf mühit problemləri, iqlim dəyişikliyi, tullantıların düzgün idarə olunması, yaşıllığın artırılması və insanların təbiətə qarşı məsuliyyəti barədə danışdı.
O, tələbələrə yaşıl gələcəyin qurulmasında onların rolu və ekoloji vərdişlərin əhəmiyyətini izah etdi.
Tədbirin sonunda gənclər yalnız məlumat deyil, həm də məsuliyyət hissi, ekoloji düşüncə və yaşıl gələcəyə inam qazandılar.

Biologiya müəllimi Nigar Qafarovanın rəhbərliyi ilə tələbələr Bakı Şəhər Zooloji Parkına ekskursiya ediblər

Ekoloji maarifləndirmə məqsədilə biologiya müəllimi Qafarova Nigar tərəfindən MQT 24/03SBr qrupunun tələbələri üçün Bakı Şəhər Zooloji Parkına ekskursiya təşkil olunub.
Macəra körpüsü və istirahət zonasında tələbələr vəhşi heyvanları – şir, pələng, leopard, qonur ayı, meymun, dəvə, maral, alpaka, dağ keçisi, dəvəquşu, qu quşu, tutuquşu, qartal, nadir sürünənlər və müxtəlif balıq növlərini müşahidə ediblər.
Parkda 150-dən çox növə aid 1400-dən artıq heyvan saxlanılır. Tələbələr zooparkda Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş 22 növ heyvanla da tanış olublar.
Ekskursiya zamanı təbiətin gözəlliyini yaxından hiss edən tələbələrdə təbiətə sevgi, ətraf mühitə qayğı və onu qoruma hissi daha da güclənib.