“Conversation Club” çərçivəsində “Preparing a Short Presentation” mövzusunda görüş keçirilib

ADPU-nun nəzdində ADPK-nın ingilis dili müəllimi Lalə Amurəhmədovanın təşkilatçılığı ilə “Conversation Club” çərçivəsində keçirilən “Preparing a Short Presentation” mövzusunda görüş tələbələr üçün maraqlı və interaktiv mühitdə baş tutub.
Görüş zamanı iştirakçılar qısa təqdimat hazırlamağın əsas qaydaları, auditoriya qarşısında çıxış bacarıqları və fikirlərin səlis şəkildə ifadə olunması barədə praktiki biliklər əldə ediblər.
Tələbələr təqdimat strukturunun qurulması, düzgün giriş və nəticə hissəsinin hazırlanması, həmçinin özünəinamla çıxış etməyin vacib məqamları ilə tanış olublar.
Görüş iştirakçıların aktiv müzakirələri və təqdimat nümunələri ilə yadda qalıb.
“Conversation Club” tələbələrin ingilis dilində ünsiyyət bacarıqlarının və təqdimat vərdişlərinin inkişafına dəstək olmağa davam edir.
 

“Vətənimizi sevək və sevdirək” devizi ilə Qəbələyə ekskursiya təşkil olunub

09.05.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika və Psixologiya FBK-nın müəllimləri Günay İsmayılova və Esmira Yusifova tərəfindən İT 23-03sb qrup tələbələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş “Vətənimizi sevək və sevdirək” devizi altında Qəbələdə yerləşən “Lavanda bağı”na ekskursiyaya aparılmışdır.
Səfərin məqsədi vətənimizin gözəlliklərini yaxından görmək, bölgəyə xas təbii sərvətləri, milli mətbəxi, adət-ənənələri və mədəni dəyərləri tələbələrə tanıtmaq olmuşdur.

“Tarixin izi” klubunun üzvləri Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya ediblər

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar FBK-nın müəllimi Nadiri Hümeyrənin təşkilatçılığı ilə “Tarixin İzi” klubunun fəaliyyət planı çərçivəsində 09.05.2026-cı il tarixində tələbələrin “Quba Soyqırımı Memorial Kompleksi”nə ekskursiyası təşkil edilmişdir.
Ekskursiyanın keçirilməsində əsas məqsəd tarixi yaddaşın gücləndirilməsi, tələbələrə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi 1918-ci il Quba soyqırımı haqqında daha geniş məlumat vermək olmuşdur.
1918-ci il 31 Mart soyqırımı Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifələrindən biridir.
Bu hadisələr Bakı Soveti və erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımıdır.
Soyqırımın törədilməsində əsas məqsəd Azərbaycanın müstəqillik meyillərini boğmaq və Bakı neftinə yiyələnmək idi.
Martın 30-dan başlayan qırğınlar aprelin 2-dək davam etmişdir. Qanlı hadisələr təkcə Bakıda deyil, Azərbaycanın bir çox bölgələrində də törədilmişdir.
Soyqırımı nəticəsində 50 mindən artıq soydaşımız qətlə yetirilmişdir. Qubadakı kütləvi məzarlıq bu vəhşiliyin bariz nümunəsidir.

“Tarixin izi” klubunun növbəti görüşü Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 08.05.2026-cı il tarixində Humanitar FBK-nın təşkilatçılığı ilə Nadiri Hümeyrənin rəhbərliyi altında fəaliyyət göstərən “Tarixin izi” klubunun növbəti görüşü keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub. Tədbirdə tələbələr Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti haqqında məlumat veriblər. Daha sonra “Ulu bir sərkərdə – Ulu bir öndər” adlı şeir-kompozisiya səsləndirilib.
Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən slaydlar və videoçarx nümayiş etdirilib.
Heydər Əliyev irsi Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmlənməsi və beynəlxalq arenada nüfuzunun artırılması ilə birbaşa bağlıdır. Ulu Öndər 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etmiş və dövlət müstəqilliyimizi daha da möhkəmləndirmişdir. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanın enerji diplomatiyasının əsasını qoymuşdur.
O, balanslaşdırılmış xarici siyasət yürüdərək Azərbaycanı regionun lider dövlətinə çevirməyi bacarmışdır. Bu gün Ulu Öndərin siyasətini onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir.
Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi hər birimizin müqəddəs borcudur.

Ailə və ev təhsili şöbəsində valideyn iclası keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Ailə və ev təhsili şöbəsinin təşkilatçılığı ilə I kurs tələbələrinin valideynləri üçün yaz imtahan sessiyası ilə əlaqədar valideyn iclası keçirilmişdir.
İclas zamanı tələbələrin tədris göstəriciləri, davamiyyət vəziyyəti və ümumi akademik fəaliyyəti barədə valideynlərə ətraflı məlumat verilmiş, qarşıdan gələn sessiya dövründə diqqət yetirilməli məqamlar müzakirə olunmuşdur.
Eyni zamanda valideynlərlə açıq fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmış və tələbələrin təhsil uğurlarının artırılması istiqamətində birgə əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.