Müəllim və tələbələr Səməd Vurğunun Ev Muzeyini ziyarət ediblər

07.05.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri müəllimlər Dadaşova Günel və Əzənmədova Aygünün rəhbərliyi ilə xalq şairi Səməd Vurğunun Ev Muzeyini ziyarət etmişlər.
Ekskursiyanın məqsədi görkəmli şairin 120 illik yubileyi ərəfəsində tələbələrə onun həyatı və yaradıcılığı haqqında daha ətraflı məlumat vermək, muzeydə qorunan qiymətli eksponatlar, şairin şəxsi əşyaları, əlyazmaları və zəngin yaradıcılığı ilə yaxından tanış etmək olmuşdur.
Müəllimlər tərəfindən tələbələrə Səməd Vurğunun həyatı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr və məşhur əsərləri haqqında geniş məlumat verilmişdir.
Tələbələr böyük maraqla ekskursiyanı izləyərək şairin yaşadığı mühit və dövr haqqında yeni biliklər əldə etmişlər.
Eyni zamanda kollecin tələbələri şairin irsindən hazırladıqları şeirləri və kompozisiyaları təqdim etmişlər.
Bu ekskursiya tələbələrin ədəbiyyata olan marağının artırılması, milli-mənəvi dəyərlərimizin təbliği və mədəni irsimizin daha yaxından öyrənilməsi baxımından olduqca faydalı olmuşdur.

“Ağ zanbaqlar ölkəsi” əsərinin müzakirəsi keçirilib

Kollecimizdə müəllimlərin asudə vaxtının səmərəli dəyərləndirilməsi məqsədilə həyata keçirilən 5 həftəlik proqram çərçivəsində, 07.05.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda Azərbaycan dili və ədəbiyyat FBK-sının müəllimi Xatirə Xəlilovanın təşkilatçılığı ilə növbəti maraqlı müzakirə təşkil olundu.
Bu dəfə diqqət mərkəzində “Ağ zanbaqlar ölkəsi” əsəri idi.
Müzakirə zamanı əsərin əsas ideyaları, cəmiyyətin inkişafında maarifin rolu, müəllim və ziyalıların məsuliyyəti ətrafında geniş fikir mübadiləsi aparıldı.
Hər bir iştirakçı öz baxışını bölüşərək əsərin müasir dövrümüz üçün də aktuallığını vurğuladı.
Belə tədbirlər müəllimlər arasında həmrəyliyi gücləndirir, eyni zamanda şəxsi və peşəkar inkişaf üçün yeni perspektivlər açır.
Oxumaq, düşünmək və paylaşmaq isə inkişafın ən gözəl yollarından biridir.

Kitabxanaçı Günay Musayevanın məqaləsi respublika elmi konfransının materiallarında dərc olunub

05 may 2026-cı il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II respublika elmi konfransı keçirilmişdir.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin kitabxanaçısı Musayeva Günay Sabir qızının “KORPORATİV ELEKTRON KİTABXANA SİSTEMLƏRİNİN, SÜNİ İNTELLEKT VƏ YENİ TEXNOLOGİYALARIN KİTABXANALARIN FƏALİYYƏTİNDƏ TƏTBİQİ” adlı məqaləsi konfrans materiallarında dərc olunmuşdur.

Vətən müharibəsi şəhidi Tapdıq Ağayevin ailəsi ziyarət olunub

Qəhrəmanlar unudulmur!
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova, Pedaqogika-psixologiya FBK müəllimi Zeynəb Ələkbərova, Riyaziyyat FBK müəllimi Sevinc Hacıyeva, Ədəbiyyat FBK müəllimi Kəmalə Sultanova Qəbələ rayonunun Tüntül kəndinə gedərək Vətən müharibəsi şəhidi Tapdıq Ağayevin ailəsini ziyarət ediblər.
1990-cı ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olan Tapdıq Ağayev 2006–2010-cu illərdə kollecimizin Sabunçu korpusunda təhsil alıb.
2016-cı ildən müddətdən artıq hərbi xidmətə başlayan məzunumuz 2020-ci il oktyabrın 8-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun igidliyi “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə qiymətləndirilib.
Şəhidimizin əziz xatirəsinə həsr olunan bu portret kollecimizin rəngkarlıq ixtisasının tələbəsi Aysu Piriyeva tərəfindən çəkilib.
Qəhrəman ruhlara sayğı ilə…

Naimə Həmidovanın məqaləsi beynəlxalq elmi konfrans materialları kitabında dərc olunub

ADPU-nun nəzdində ADPK-nın rus dili müəllimi Həmidova Naimənin III Turan Beynəlxalq Elmi Konfransının Tam Mətnli Materialları Kitabında "Okul Öncesi Dönemde İki Dillilik ve Konuşma Gelişimi: Türk ve Rus Aileleri Örneğinde" adlı məqaləsi dərc olunmuşdur.