Kollec əməkdaşları şəhid Kamran Əliyevin ailəsini ziyarət ediblər

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova, kollecin Azərbaycan dili və ədəbiyyat FBK müəllimi K. Sultanova və Pedaqogika-psixologiya FBK müəllimi Z. Ələkbərova Lənkəran rayonunun Aşağı Nüvədi kəndinə gedərək Vətən müharibəsi şəhidi Kamran Əliyevin ailəsini ziyarət ediblər.
Səfər zamanı şəhidin keçdiyi şərəfli həyat yolu və döyüşlərdə göstərdiyi igidlik nümunələri yad olunub, ailə üzvlərinə mənəvi dəstək göstərilib.
Kamran Əliyev 12 oktyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Eyni zamanda, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Tələbələr üçün kiber təhlükəsizlik mövzusunda maarifləndirici görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda kollecin psixoloqu Aytən Orucova tərəfindən tələbələr üçün kiber təhlükəsizlik, rəqəmsal mühitdə psixoloji rifahın qorunması, şəxsi məlumatların mühafizəsi və onlayn risklərdən qorunma strategiyalarına dair maarifləndirici görüş keçirilib.
Eyni zamanda qeyd olunub ki, müvafiq mövzuları əhatə edən maarifləndirici resurslara çıxışı təmin edən QR kodlar hazırlanaraq kollecin müxtəlif ərazilərində yerləşdiriləcəkdir. Bu təşəbbüs tələbələrin davamlı informasiya əldə etməsinə və özünütəkmilləşdirmə prosesinin sistemli şəkildə dəstəklənməsinə yönəlib.

“Təbiəti sevənlər” klubunda maarifləndirici fəaliyyət həyata keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərən “Təbiəti sevənlər” klubunun üzvləri tərəfindən fəaliyyət planına uyğun olaraq növbəti maarifləndirici və yaradıcı istiqamətli işlər həyata keçirilib.
Tələbələrdə təbiətə və coğrafiyaya marağın artırılması məqsədilə müxtəlif tədris-əyani vəsaitlər hazırlanıb. Tələbələr tullantı kağızlardan və sulu boyalardan istifadə etməklə Azərbaycanın relyefini əks etdirən xəritə-maket tərtib edib, eyni zamanda Günəş sistemi və planetləri təsvir edən vizual materiallar hazırlayıblar.
Həyata keçirilən bu fəaliyyətlər tələbələrin yaradıcılıq potensialının inkişafına, eləcə də təbiət və coğrafiya sahəsində nəzəri biliklərinin möhkəmləndirilməsinə və praktik bacarıqlarının formalaşmasına müsbət təsir göstərib. Klub üzvləri gələcəkdə də təbiətin mühafizəsi və öyrənilməsi istiqamətində sistemli fəaliyyətlərin davam etdirilməsini planlaşdırır.

Tələbəmiz boks üzrə Azərbaycan çempionatında III yer qazanıb

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İncəsənət və fiziki tərbiyə müəllimliyi ixtisasının FTM24/01SB qrup tələbəsi Məmmədli Rüqayyə boks üzrə gənclər arasında keçirilən Azərbaycan çempionatında uğurla çıxış edərək III yerə layiq görülmüşdür.
Tələbəmizi qazandığı bu uğur münasibətilə təbrik edir, ona idman və təhsil sahəsində yeni nailiyyətlər arzulayırıq.

“Azərbaycanın şəhər inkişafı strategiyası” mövzusunda təqdimat keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 3 aprel 2026-cı il tarixində Humanitar FBK-nın müəllimi tərəfindən Ailə və ev təhsili şöbəsinin tələbələri ilə birlikdə “Azərbaycanın şəhər inkişafı strategiyası” mövzusunda təqdimat nümayiş olunub.
Təqdimat zamanı ölkədə həyata keçirilən şəhərsalma siyasətinin əsas istiqamətləri, müasir urbanizasiya prosesləri, infrastrukturun yenilənməsi və dayanıqlı inkişaf prinsipləri barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, son illərdə reallaşdırılan layihələr şəhərlərin müasir simasının formalaşdırılmasına, nəqliyyat sisteminin təkmilləşdirilməsinə və yeni yaşayış massivlərinin yaradılmasına mühüm töhfə verib.
Tələbələr tərəfindən təqdim olunan məruzələrdə Bakı və digər iri şəhərlərdə həyata keçirilən abadlıq-quruculuq işləri, “Ağıllı şəhər” konsepsiyasının tətbiqi, eləcə də regionların balanslı inkişafının əhəmiyyəti diqqətə çatdırılıb.
Təqdimat çərçivəsində mövzu üzrə çıxışlar dinlənilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb. Çıxışlarda şəhərsalma sahəsində innovativ yanaşmaların tətbiqinin və milli resurslardan səmərəli istifadənin vacibliyi xüsusi vurğulanıb.
Təqdimatın yekununda tələbələr tərəfindən hazırlanmış əl işləri nümayiş etdirilib.