“Beyin-Hədəfli Tədris Modeli” mövzusunda ilk təlimə start verilib

Aprelin 10-da ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllimlərin peşəkar inkişafı proqramı çərçivəsində “Beyin-Hədəfli Tədris (Öyrətmə) Modeli” mövzusunda birinci təlimə start verildi.
Təlim kollecin direktoru Amalya Sezgin tərəfindən keçirilib. Nəzərdə tutulmuş təlimlər 10-29 aprel tarixləri ərzində kollecin həm Yasamal, həm də Sabunçu tədris korpuslarında təşkil olunacaqdır.
Təlimin ilk günündə “Beyin-Hədəfli Tədrisin 1-ci Modeli - Emosional mühitin yaradılması” təqdim olunmuşdur.
Təlim zamanı emosional mühitin öyrənmə prosesində rolu və onun şagirdlərin motivasiyası, diqqəti və ümumi nailiyyətlərinə təsiri ətraflı şəkildə izah edilmişdir.
Sessiya interaktiv formada təşkil olunmuş, müəllimlər müxtəlif praktik tapşırıqlar yerinə yetirmiş, təqdim olunan suallar ətrafında müzakirələr aparmış və öz təcrübələrini bölüşmüşlər.
Təlim iştirakçıların fəal iştirakı ilə keçmiş, sinifdə müsbət və dəstəkləyici emosional iqlimin yaradılması yolları üzərində birgə fikir mübadiləsi aparılmışdır.

Yeni ixtisasın əlavə olunması ilə bağlı İşçi Qrupunun iclası keçirilib

10.04.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2 may 2024-cü il tarixli KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları” nın 3 – cü bəndinə (Təsnifata yeni ixtisasın əlavə olunması) əsasən kollecin Pedaqoji Şurasının 20 fevral 2026-cı il tarixli iclasının qərarı ilə kollec əməkdaşlarından və sənaye müəssisələrindən olan nümayəndələrdən ibarət yaradılmış İşçi Qrupunun iclası keçirilmişdir.
İclas kollecin direktoru Amalya Sezginin sədrliyi ilə həyata keçirilmiş, Təsnifata yeni ixtisasın əlavə olunması ilə bağlı hər fənn birləşmə komissiyası üzrə yaradılmış İşçi qrupunun hazırladığı sənədlər müzakirə olunmuş, onların “Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları”na uyğunluğu qeyd olunaraq növbəti görüşə qədər hazırlanacaq sənədlər müəyyən olunmuşdur.

“Conversation Club”da növbəti görüş baş tutub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə “Describing Your Skills and Experience” mövzusunda “Conversation Club”un növbəti görüşü uğurla keçirilib.
Görüş zamanı iştirakçılar öz bacarıq və təcrübələrini ingilis dilində ifadə etmək, təqdimat bacarıqlarını inkişaf etdirmək və real kommunikasiya mühitində dil biliklərini tətbiq etmək imkanı əldə ediblər. İnteraktiv tapşırıqlar, müzakirələr və praktiki fəaliyyətlər tələbələrin özünəinamının artmasına və sərbəst danışıq vərdişlərinin formalaşmasına müsbət təsir göstərib.
“Conversation Club” çərçivəsində təşkil olunan bu cür görüşlər tələbələrin dil bacarıqlarının inkişafına dəstək olmaqla yanaşı, onların gələcək peşəkar fəaliyyətlərinə də töhfə verir.
Növbəti görüşlərdə daha çox iştirakçı ilə yenidən görüşmək ümidi ilə!

Kollecin hər iki korpusunda Nizam-intizam qrupunun növbəti iclası keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin hər iki korpusunda Nizam-intizam qrupunun növbəti iclası keçirilib.
İclas zamanı kollecdə nizam-intizamın daha da gücləndirilməsi və bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı məsələlər geniş şəkildə müzakirə olunub. Eyni zamanda, tələbələrin davamiyyəti, nizam-intizam qaydalarına riayət etmələri və asudə vaxtlarının səmərəli təşkili məsələləri diqqət mərkəzində olub.
Müzakirələr zamanı qrup üzvləri tərəfindən mövcud vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə bir sıra səmərəli təkliflər irəli sürülüb və qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“English Skills Development Club” çərçivəsində növbəti görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə “English Skills Development Club” çərçivəsində növbəti görüş uğurla baş tutub. Bu dəfəki mövzumuz “Hobbies and Free Time” idi. Görüş zamanı tələbələr dinləmə bacarıqlarını inkişaf etdirmək məqsədilə xüsusi hazırlanmış mətn üzərində işləyib və mövzu ilə bağlı sual-cavab sessiyasında fəal iştirak ediblər. Eyni zamanda, qrammatika hissəsində “I like / I don’t like” strukturları ətraflı izah olunub və praktik tapşırıqlar vasitəsilə möhkəmləndirilib. Tələbələr öz hobbiləri və asudə vaxtlarını necə keçirdikləri barədə fikirlərini ingilis dilində ifadə etmək imkanı qazanıblar. Görüş interaktiv, maraqlı və öyrədici mühitdə keçib. Bütün iştirakçılara təşəkkür edir və növbəti sessiyalarda yenidən görüşməyi səbirsizliklə gözləyirik!