ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 8 aprel tarixində Humanitar FBK-nın təşkilatçılığı və müəllimlərin rəhbərliyi ilə “Tariximizin izi” adlı klubun fəaliyyəti çərçivəsində növbəti görüş keçirilib.
Tədbirdə tələbələrlə birgə II Dünya müharibəsi dövründə arxa cəbhədə insanların fədakarlığı və mənəviyyatından bəhs edən “Bizim Cəbiş müəllim” bədii filminə baxış keçirilib.
Filmin nümayişindən sonra tələbələrlə ekran əsərində əks olunan hadisələr geniş müzakirə olunub, onların mövzu ilə bağlı fikirləri dinlənilib. Müzakirə zamanı əsasən aşağıdakı məqamlara toxunulub:
•Mənəvi dəyərlər: Tələbələr Cəbiş müəllim obrazının timsalında müharibənin çətinliklərinə baxmayaraq dürüstlük və ləyaqətin qorunmasının vacibliyini vurğulayıb.
•Arxa cəbhə həyatı: Müharibə illərində Bakı sakinlərinin qarşılaşdığı sosial və iqtisadi çətinliklər tələbələr tərəfindən təhlil olunub.
•Maraqlı faktlar: Tələbələr filmin çəkiliş prosesi, aktyor heyəti və Maqsud İbrahimbəyovun “1001-ci gecə” povesti əsasında hazırlanmış ssenarinin xüsusiyyətləri barədə topladıqları məlumatları bölüşüb.
Görüş tələbələrin həm tarixi biliklərinin artırılması, həm də klassik Azərbaycan kinosuna marağının gücləndirilməsi baxımından səmərəli keçib.