ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat və İnformatika fənn birləşməsinin müəllimləri və tələbələrinin iştirakı ilə 09.04.2026-cı il tarixində “Əxlaqi-Nasiri” əsəri əsasında “Uşaq tərbiyəsində sərtlik vacibdirmi?” mövzusunda debat keçirilib.
Debat zamanı Əxlaqi-Nasiri əsərinə istinadən əxlaq, ailə münasibətləri və dövlət idarəçiliyi məsələləri geniş müzakirə olunmuş, bu mövzuların Azərbaycan və ümumilikdə Şərq fəlsəfi fikrində tutduğu əhəmiyyət xüsusi vurğulanıb. Qeyd edilmişdir ki, bu əsər insan davranışı, mənəvi dəyərlər və cəmiyyətin formalaşmasında mühüm rol oynayan əsas mənbələrdən biridir.
Eyni zamanda debat çərçivəsində uşaq tərbiyəsində sərtlik və yumşaqlıq məsələləri müqayisəli şəkildə təhlil edilmiş, müxtəlif yanaşmalar irəli sürülmüş və iştirakçılar tərəfindən arqumentlər əsaslandırılıb.
Məqsəd:
Debatın keçirilməsində əsas məqsəd tələbələrdə tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək, milli-mənəvi dəyərləri təbliğ etmək, klassik fəlsəfi irsin müasir dövrdə əhəmiyyətini izah etmək, eləcə də gələcək müəllimlərin pedaqoji yanaşmalarını zənginləşdirməkdən ibarət olub. Bununla yanaşı, tələbələrin debat mədəniyyətini formalaşdırmaq, fikir mübadiləsi aparmaq bacarıqlarını inkişaf etdirmək və uşaq tərbiyəsi ilə bağlı düzgün yanaşmaların müəyyənləşdirilməsinə töhfə vermək də əsas hədəflər sırasında yer alıb.