“Təşkilati mədəniyyət və etikanın formalaşdırıcı rolu” mövzusunda ilk təlim keçiriləcək

9 dekabr tarixində saat 09:30–11:30 aralığında ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda pedaqoji və inzibati heyət üçün “Təşkilati mədəniyyət və etikanın formalaşdırıcı rolu” mövzusunda ilk təlim keçiriləcək.
Təlimçi: HR eksperti, CMI mentoru, ICF sertifikatlı kouç Ülkər Bayramlı
Təlim zamanı iştirakçılara təşkilati davranışın əsasları, etik mühitin formalaşdırılması və kollektivdə müsbət iş atmosferinin yaradılması ilə bağlı praktiki biliklər təqdim olunacaq.

Tələbələr üçün “Profession Choice” mövzusunda Conversation Club keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal və Sabunçu korpuslarında Xarici dillər FBK-nın təşkilatçılığı ilə “Conversation Club”ın növbəti görüşü keçirilib.
Görüşdə tələbələr “Profession Choice” mövzusu üzrə gələcək ixtisas seçimi, əmək bazarının tələbləri, şəxsi maraq və bacarıqların peşə seçiminə təsiri barədə müzakirələr aparıblar. Sessiya zamanı iştirakçılar həm fikirlərini sərbəst ifadə edib, həm də ingilis dilində danışıq bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Tədbir interaktiv sual-cavab, qrup müzakirələri və situasiya tapşırıqları ilə daha dinamik şəkildə təşkil olunub. Tələbələr bu görüşlərin özünəinamı artırdığını və peşə seçiminə daha şüurlu yanaşmağa kömək etdiyini vurğulayıblar.
İngilis dilində ünsiyyət bacarıqlarınızı təkmilləşdirmək və maraqlı mövzularda fikir mübadiləsi aparmaq istəyirsinizsə, sizi növbəti "Conversation Club" görüşünə dəvət edirik!

İnklüziv təhsil şöbəsinin tələbələri “İnklüzivliyin Sirri 5” layihəsində uğurla çıxış edib

3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə İnklüziv təhsil şöbəsinin bir qrup tələbəsi “İnklüzivliyin Sirri 5” adlı dəb nümayişi və konsert proqramında iştirak edib.
Tələbəmiz Əzim Əhmədov fəal iştirakına görə sertifikatla təltif olunub. Bu, tələbələrimizin sosial fəallığını və inklüzivlik dəyərlərinə olan marağını göstərən sevindirici nümunədir.
Hər bir fərdin cəmiyyətdə özünəməxsus yeri var, inklüzivlik bu dəyərin görünməsinə şərait yaradır.

“Empatiya və qarşılıqlı anlama” mövzusunda dəyirmi masa keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda "Dəyişən Düşüncə" Psixologiya Klubu çərçivəsində “Empatiya və qarşılıqlı anlama” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin məqsədi gənclərdə emosional savadlılıq və qarşılıqlı anlama mədəniyyətini inkişaf etdirmək olub. Tələbələr real situasiyalar və interaktiv tapşırıqlar vasitəsilə empatiyanın münasibətlərdə necə dəyişdirici gücə malik olduğunu praktiki olaraq hiss ediblər.
Sonda iştirakçılar empatiyanın cəmiyyətdə harmoniya yaradan əsas bacarıq olduğunu, qarşılıqlı anlamanın isə sağlam ünsiyyətin vacib şərti olduğunu vurğulayıblar.

Beynəlxalq Əlillər Günü münasibətilə uşaqlara dəstək ziyarəti həyata keçirilib

3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin inzibati heyəti və tələbələri Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən, əlilliyi müəyyən edilmiş 18 yaşadək şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət ediblər.
Məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və dəstək göstərmək, onların sosial həyata inteqrasiyasına töhfə vermək olub.