ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 3 aprel 2026-cı il tarixində Humanitar FBK-nın müəllimi tərəfindən Ailə və ev təhsili şöbəsinin tələbələri ilə birlikdə “Azərbaycanın şəhər inkişafı strategiyası” mövzusunda təqdimat nümayiş olunub.
Təqdimat zamanı ölkədə həyata keçirilən şəhərsalma siyasətinin əsas istiqamətləri, müasir urbanizasiya prosesləri, infrastrukturun yenilənməsi və dayanıqlı inkişaf prinsipləri barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, son illərdə reallaşdırılan layihələr şəhərlərin müasir simasının formalaşdırılmasına, nəqliyyat sisteminin təkmilləşdirilməsinə və yeni yaşayış massivlərinin yaradılmasına mühüm töhfə verib.
Tələbələr tərəfindən təqdim olunan məruzələrdə Bakı və digər iri şəhərlərdə həyata keçirilən abadlıq-quruculuq işləri, “Ağıllı şəhər” konsepsiyasının tətbiqi, eləcə də regionların balanslı inkişafının əhəmiyyəti diqqətə çatdırılıb.
Təqdimat çərçivəsində mövzu üzrə çıxışlar dinlənilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb. Çıxışlarda şəhərsalma sahəsində innovativ yanaşmaların tətbiqinin və milli resurslardan səmərəli istifadənin vacibliyi xüsusi vurğulanıb.
Təqdimatın yekununda tələbələr tərəfindən hazırlanmış əl işləri nümayiş etdirilib.