ADPK müəllimlərindən növbəti uğur: iki fənn proqramı qrif aldı

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İncəsənət və fiziki tərbiyə fənn birləşməsinin müəllimləri pedaqoji fəaliyyətlərində növbəti uğura imza atıblar.
Elm və təhsil nazirinin müvafiq əmri ilə Emil Ağayevin müəllifi olduğu “Təsviri incəsənət və dizayn tarixi”, Aynur Seyfullayeva ilə həmmüəllifi olduğu “Plastik anatomiya” fənn proqramları qrifə layiq görülüb.

Kollec kollektivi Ramazan ayında “Düşbərə evi”nin qonağı oldu

Müqəddəs Ramazan ayının mənəvi dəyərlərini bölüşmək və xeyirxah təşəbbüslərə dəstək olmaq məqsədilə Pedaqogika-psixologiya fənn birləşməsinin bir qrup müəllimi və kollecdə fəaliyyət göstərən “Bərabər Addım” klubunun üzvləri ölkəmizin ilk sosial layihələrindən biri olan “Düşbərə evi”ndə iftar süfrəsinin qonağı olublar.
Görüş zamanı kollecin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini S. Axundova layihənin gedişi və icra mexanizmi ilə yaxından tanış olub, bu xeyirxah təşəbbüsün əhəmiyyətini vurğulayıb.
“Cığır” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Düşbərə evi” yalnız iaşə obyekti deyil, həm də həyat yoldaşını itirmiş analara və ata himayəsindən məhrum olmuş uşaqlara dəstək göstərən sosial layihədir. Burada əldə olunan gəlirin bir hissəsi atası olmayan tələbə qızların təhsilinə yönəldilir.
Unutmayaq ki, kiçik bir dəstək belə kiminsə həyatında böyük ümidə çevrilə bilər.

“Jobs and Professions” mövzusunu müzakirə etdilər

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə "Conversation Club"-da “Jobs and Professions” mövzusunda görüş keçirildi.
Görüş zamanı tələbələr müxtəlif peşələr haqqında fikir mübadiləsi apararaq onların cəmiyyətdəki rolu, bu sahədə tələb olunan bacarıqlar və gələcək karyera imkanları barədə ingilis dilində maraqlı müzakirələr etdilər.
İnteraktiv tapşırıqlar və qrup müzakirələri sayəsində iştirakçılar həm danışıq bacarıqlarını inkişaf etdirdilər, həm də yeni söz və ifadələr öyrənərək peşələr dünyası haqqında biliklərini genişləndirdilər.
"Conversation Club" görüşləri tələbələrimizin ingilis dilində ünsiyyət bacarıqlarının inkişafına və gələcək karyera seçimləri barədə düşünmələrinə dəstək olmağa davam edir.

İntizam qrupunun iclası keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində İntizam qrupunun iclası keçirilib.
İclasda kollecdə nizam-intizamın daha da gücləndirilməsi və bu sahədə işin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

“Baharın rəngləri – Novruzun nəfəsi” xeyriyyə yarmarkasına hazırlıqlar başlayıb

Artıq 2 həftədir ki, Novruz bayramı ilə əlaqədar martın 17- də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda keçiriləcək “Baharın rəngləri- Novruzun nəfəsi” adlı xeyriyyə yarmarkasının hazırlıq işlərinə start verilib.
Tələbələr sərgidə müxtəlif dekorativ nümunələr, rəsm işləri ilə iştirak edəcəklər. DM ixtisasının 25/02 qrupunun tələbələri Rəsm fənnində gəlinciklər üzərində milli geyimləri nümayiş etdirəcəklər.