ADPK direktorunun Zəfər və Dövlət Bayrağı Günləri ilə bağlı təbrik müraciəti

ADPK direktorunun Zəfər və Dövlət Bayrağı Günləri ilə bağlı təbrik müraciəti

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Amalya Sezginin TƏBRİK MÜRACİƏTİ
Hörmətli kollec əməkdaşları, əziz tələbələr!
Sizi xalqımızın tarixinə qızıl hərflərlə yazılmış iki əlamətdar bayram – 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
2020-ci ilin payızında qəhrəman Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Zəfər qazanaraq 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı 44 gün ərzində düşmən tapdağından azad etdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağda qondarma rejim ləğv olundu və ölkəmizin suverenliyi tam bərpa edildi.
Fəxrlə qeyd etmək istəyirəm ki, bu şanlı qələbənin qazanılmasında kollecin məzun və tələbələri də qəhrəmanlıq və vətənpərvərlik nümunəsi göstəriblər.
Zəfər Gününün ardınca gələn 9 Noyabr – Dövlət Bayrağı Günü xalqımız üçün xüsusi qürur mənbəyidir. Bu gün üçrəngli, ay-ulduzlu bayrağımız Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə kimi doğma yurdlarımızda ucaldılaraq, Azərbaycan xalqının əzmini, birliyini və qalib ruhunu simvolizə edir. Soydaşlarımızın mərhələli şəkildə azad edilmiş torpaqlara qayıdışı isə bu qələbənin ən parlaq təcəssümüdür. Bu gün biz bütün milli bayramlarımızı qalib xalqın nümayəndələri kimi böyük iftixar və qürur hissi ilə qeyd edirik.
Əziz həmkarlar və tələbələr!
Bir daha hər birinizi bu əlamətdar bayram münasibətilə ürəkdən təbrik edir, Sizə sülh, rifah, elm və təhsildə yeni nailiyyətlər arzulayıram.

“Qələbənin səsi nitqimizdə” dərs-tədbiri keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan dili və ədəbiyyat fənn birləşmə komissiyası müəlliminin təşkilatçılığı, İnklüziv təhsil şöbəsi tələbələrinin iştirakı ilə “Qələbənin səsi nitqimizdə” adlı dərs-tədbir keçirilib.
Tələbələr Şanlı Zəfərin ruhunu söz, musiqi və rəqslərlə ifadə edərək, qalib xalqın övladları olmağın haqlı iftixar və qürur mənbəyi olduğunu nümayiş etdiriblər.
Qoy Zəfərin səsi daim qəlbimizdə yaşasın! Yaşasın Azərbaycan!

“Azərbaycan bayrağının tarixi” mövzusunda dəyirmi masa keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK müəlliminin təşkilatçılığı, Məktəbəqədər təhsil şöbəsi tələbələrinin iştirakı ilə şanlı Zəfərin 5 illiyinə və Dövlət Bayrağı Gününə həsr olunmuş “Azərbaycan bayrağının tarixi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycanın dövlətçilik rəmzlərindən biri olan üçrəngli bayrağımızın tarixi, xalqımızın müstəqillik mübarizəsində və milli kimliyimizin formalaşmasında rolu, həmçinin möhtəşəm Zəfərin gənclərdə vətənpərvərlik ruhunun güclənməsinə təsiri kimi məsələlər müzakirə olunub.

ADPK və İlahiyyat Kolleci arasında voleybol yarışı keçirilib

2025-ci il oktyabrın 21-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat Kolleci arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədin imzalanmasından sonra iki kollecin birgə iştirakı ilə ilk tədbir baş tutub: ADPK və İlahiyyat Kollecinin həm qız, həm də oğlanlardan ibarət komandaları arasında voleybol üzrə yarış keçirilib.
Gərgin mübarizə şəraitində keçən görüşdə ADPK komandaları 2:0 hesabı ilə qələbə qazanıb.
Bu qələbə kollec tələbələrinin komanda ruhunun və idmana marağının parlaq göstəricisi olub.

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Riyaziyyat və informatika fənn birləşməsi müəllimlərinin təşkilatçılığı ilə Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə qeyd edilib ki, 44 günlük müharibədə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində misli görünməmiş qələbə qazandı.
8 Noyabr — təkcə bir qələbə tarixi deyil, həm də xalqımızın birliyinin, sarsılmaz iradəsinin, torpağa və Vətənə olan sonsuz sevgisinin təntənəsidir.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin sədri kollecin Vətən müharibəsi iştirakçılarını, övladları və həyat yoldaşları müharibədə iştirak etmiş müəllimələri Fəxri Fərman və hədiyyələrlə təltif edib.
Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində əbədi yaşayacaq, gələcək nəsillər üçün haqlı qürur və iftixar mənbəyi olacaqdır. Hər il bu gün həmvətənlərimiz şəhidlərimizin müqəddəs xatirəsini bir daha ehtiramla yad edir, qazilərimizin qarşısında dərin minnətdarlıq hissi ilə baş əyirlər.
8 Noyabr – Zəfər Günümüz mübarək!