“English Skills Development Club”ın növbəti məşğələsi keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal və Sabunçu korpuslarında Xarici dillər FBK-nın təşkilatçılığı ilə fəaliyyət göstərən "English Skills Development Club" çərçivəsində növbəti məşğələ keçirilib.

Bu dəfə tələbələr podkast və qısa videolar əsasında mətni anlama, əsas ideyaları seçmə və məzmunla bağlı suallara cavab vermə kimi tapşırıqları yerinə yetiriblər. Dinləmə mərhələsindən sonra təşkil olunan müzakirədə onlar cüt və qrup işlərində fikirlərini sərbəst ifadə edərək danışıq bacarıqlarını təkmilləşdiriblər.

Görüş interaktiv və öyrədici mühitdə keçib, tələbələrin ingilis dilində dinləyib-anlama və danışıq bacarıqlarının möhkəmlənməsinə töhfə verib.

İngilis dilində daha inamlı danışmaq və real ünsiyyət situasiyalarında özünüzü sınamaq istəyirsinizsə, növbəti "English Skills Development Club" görüşünü qaçırmayın!

İnkişaf edin, iştirak edin və yeni imkanlar qazanın!

“Səssiz dünyaya açılan qapı” adlı inklüziv tədbir keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Pedaqogika-psixologiya FBK müəlliminin təşkilatçılığı ilə “Bərabər Addım” inklüziv klubunda “Səssiz dünyaya açılan qapı” adlı tədbir keçirilib.

Tədbirin məqsədi kollecdə təhsil alan eşitmə məhdudiyyətli tələbələri yaxından tanımaq, onların fikirlərini, arzu və istəklərini dinləmək, həmçinin tədris mühitində inklüzivliyi daha da gücləndirmək olub.

“Konstitusiya və Suverenlik İli” mövzusunda dəyirmi masa keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu tədris binasının kitabxanasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş dəyirmi masa təşkil edilib.

Tədbirdə qeyd edilib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya hüquqi dövlətin və demokratik idarəçiliyin formalaşması üçün əsas hüquqi baza rolunu oynayıb. Həmçinin bildirilib ki, 2020-ci ildə Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə və 2023-cü ilin sentyabrında keçirilmiş ildırımsürətli antiterror əməliyyatı dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnib. Buna görə də biz “Konstitusiya və Suverenlik İli”ni qürur hissi ilə, qalib ölkənin qalib vətəndaşları kimi qeyd edirik.

“Conversation Club”ın növbəti görüşü keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal və Sabunçu korpuslarında Xarici dillər FBK-nın təşkilatçılığı ilə “Conversation Club” çərçivəsində növbəti görüş uğurla keçirilib. Görüşün məqsədi tələbələrin ingilis dilində danışıq bacarıqlarını və mövzu üzrə söz ehtiyatını artırmaq olub.

Bu dəfə iştirakçılar “Special Dates and Events in Your Country” mövzusunu müzakirə edərək ölkəmizin xüsusi günləri və milli bayramları haqqında fikir mübadiləsi aparıblar. Tələbələr qrup və cütlərlə işləyərək müxtəlif günlər barədə təqdimatlar edib, adət-ənənələr və milli dəyərlərlə bağlı maraqlı dialoqlar qurublar.

İnteraktiv mühitdə keçirilən klub görüşü tələbələrin həm danışıq bacarıqlarının, həm də dünyagörüşünün inkişafına töhfə verib.

Əziz tələbələr, ingilis dilində sərbəst danışmaq və özünüzü inkişaf etdirmək istəyirsinizsə, növbəti “Conversation Club” görüşlərini qaçırmayın!

Birlikdə öyrənək, birlikdə inkişaf edək!

“Empatiya günü” keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya fənn birləşmə komissiyasının təşkilatçılığı ilə, tələbələrin elmi, yaradıcı və sosial inkişafını dəstəkləmək məqsədilə 2025/2026-cı tədris ilindən fəaliyyətə başlayan “Dəyişən Düşüncə” klubunun fəaliyyət planı çərçivəsində Sabunçu korpusunda “Empatiya günü” keçirilib.

Tədbir zamanı klub üzvləri “Ayla” filminə baxıblar. Filmin nümayişi onlarda empatiya, insani dəyərlər və qarşılıqlı anlaşma kimi sosial-psixoloji bacarıqların inkişafına yönəlib. Film real hadisələrə əsaslandığı üçün tələbələrdə güclü emosional təəssürat yaradıb.