“Humayun” İctimai Birliyi ilə əməkdaşlıq görüşü keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Humayun” Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub və gələcəkdə bununla bağlı memorandumun imzalanması barədə ilkin razılıq əldə edilib.

Humeyrə Nadirinin məqaləsi dərc olunub

"Qədim diyar" jurnalında ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar FBK müəllimi Humeyrə Nadirinin "Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" adlı məqaləsi dərc olunub.
Məqalədə Konstitusiyanın dövlətçiliyimizin əsasını formalaşdırması, suverenliklə sıx bağlılığı və müstəqilliyimizin hüquqi təməli olduğu vurğulanır. 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın bu əsasları daha da möhkəmləndirdiyi xüsusi qeyd edilir. Bildirilir ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Əsas Qanunun qəbulunun 30-cu, Vətən müharibəsindəki möhtəşəm qələbənin isə 5-ci ildönümünün tamam olması ilə əlaqədardır.

“Təşkilati mədəniyyət və etikanın formalaşdırıcı rolu” mövzusunda ilk təlim keçiriləcək

9 dekabr tarixində saat 09:30–11:30 aralığında ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda pedaqoji və inzibati heyət üçün “Təşkilati mədəniyyət və etikanın formalaşdırıcı rolu” mövzusunda ilk təlim keçiriləcək.
Təlimçi: HR eksperti, CMI mentoru, ICF sertifikatlı kouç Ülkər Bayramlı
Təlim zamanı iştirakçılara təşkilati davranışın əsasları, etik mühitin formalaşdırılması və kollektivdə müsbət iş atmosferinin yaradılması ilə bağlı praktiki biliklər təqdim olunacaq.

Tələbələr üçün “Profession Choice” mövzusunda Conversation Club keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal və Sabunçu korpuslarında Xarici dillər FBK-nın təşkilatçılığı ilə “Conversation Club”ın növbəti görüşü keçirilib.
Görüşdə tələbələr “Profession Choice” mövzusu üzrə gələcək ixtisas seçimi, əmək bazarının tələbləri, şəxsi maraq və bacarıqların peşə seçiminə təsiri barədə müzakirələr aparıblar. Sessiya zamanı iştirakçılar həm fikirlərini sərbəst ifadə edib, həm də ingilis dilində danışıq bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Tədbir interaktiv sual-cavab, qrup müzakirələri və situasiya tapşırıqları ilə daha dinamik şəkildə təşkil olunub. Tələbələr bu görüşlərin özünəinamı artırdığını və peşə seçiminə daha şüurlu yanaşmağa kömək etdiyini vurğulayıblar.
İngilis dilində ünsiyyət bacarıqlarınızı təkmilləşdirmək və maraqlı mövzularda fikir mübadiləsi aparmaq istəyirsinizsə, sizi növbəti "Conversation Club" görüşünə dəvət edirik!

İnklüziv təhsil şöbəsinin tələbələri “İnklüzivliyin Sirri 5” layihəsində uğurla çıxış edib

3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə İnklüziv təhsil şöbəsinin bir qrup tələbəsi “İnklüzivliyin Sirri 5” adlı dəb nümayişi və konsert proqramında iştirak edib.
Tələbəmiz Əzim Əhmədov fəal iştirakına görə sertifikatla təltif olunub. Bu, tələbələrimizin sosial fəallığını və inklüzivlik dəyərlərinə olan marağını göstərən sevindirici nümunədir.
Hər bir fərdin cəmiyyətdə özünəməxsus yeri var, inklüzivlik bu dəyərin görünməsinə şərait yaradır.