Azərbaycan ədəbiyyatı tarixində ən böyük sənətkarlardan biri kimi tanınan Hüseyn Cavid öz yaradıcılığı ilə dramatugiyamızda yeni bir janrın – fəlsəfi dramın əsasını qoydu. Onun “İblis”,”Şeyx Sənan”,”Topal Teymur”,”Peyğəmbər” və s. pyeslərində bəşəriyyəti düşündürən  qlobal fəlsəfi problemlər qoyulub həll edilmişdir.

  Hüseyn Cavid yaradıcılığının yetkin dövründə - 1922-ci ildə yazılmış “Peyğəmbər” pyesində də mütəfəkkir şairin bəhrələndiyi bir sıra fəlsəfi motivlər öz əksini tapmışdır. Əksər pyeslərində  olduğu kimi, bu əsərdə də bir filosof-şair Cavidi düşündürən, hər şeydən öncə əksliklərin, ziddiyyətlərin vəhdəti qanunudur. Əsərdə bədii təcəssümünü  tapmış bu qanun istər baş qəhrəman olan Peyğəmbərin  xarakerinin açılışında, istərsə də başqa  xətlərdə özünü göstərir. Peyğəmbər əslində bir-birinə əks olan iki zidd  qüvvənin – Mələklə Skeletin vəhdətindən ibarətdir.

        Pyesdə Hegelin məşhur triadasını bədii şəkildə izləmək olar. Mələk – tezis, Skelet- antitezis, Peyğəmbər – isə sintez  terminlərinin fəlsəfi tutumuna  cavab verir. Cəmiyyətdə baş alıb gedən zülmü və zorakılığı, cinayət və haqsızlıqları önləmək üçün Kitab-elm, maarif gətirən Mələyin əksinə olaraq, özünü “qədim filosof” adlandıran Skelet tamamilə başqa yol təklif edir.

İnqilab istəyirmisən, mana bax,

İştə kəskin qılınc,kitabı urax,

Əvət, ancaq qılıncdadır qüvvət,

Bundadır haqq, şərəf və hürriyyət!

 

            Əsər boyu uzun müddət Skeletin məsləhətlərinə əməl  etmək istəməyən Peyğəmbər sonunda onu qəbul etməyə məcbur olur:

                                   Xəstə bir üzvə bənzər amili-şər,

                                    Kəs də, bulsun şəfa

                                                                 vücudi-bəşər...

-deyən Skeletin uzatdığı, qılıncı qəbul edən Peyğəmbər, xeyirin mükafata, şərinsə cəzaya layiq olduğunu lakonik şəkildə belə ifadə edir:

                                   Əvət, ən doğru, ən gözəl ayin:

                                   Əhli – vicdanə busə, xainə-kin!

 

       Peyğəmbərin bu sözləri ilə başlayan  sintez prosesi onun final monoloqu ilə başa çatır.

 

                                    Məncə, əzmək də, əzilmək də xəta,
                                    Haqqı sev, haqsızı dəf et! Zira

                                    Yaqışır haqqa məhəbbət, hörmət,

                                    Kinli cəllada ədavət, nifrət.

 

              Dərin erudisiyalı bir sənətkar kimi H.Cavid istər Qərb, istərsə də Şərq ictimai fikrindən  faydalanaraq, öz bədii məqsədinə çatmaq  yolunda isifadə etmişdir. “Peyğəmbər” pyesindəki bir sıra moivlərllə  zərdüştlük fəlsəfəsinin başlıca müddəaları  arasında da müəyyən paralellər aparmaq mümkündür. Məsələn, Peyğəmbərin bir dramatik xarakter kimi tam formalaşmasına qədər onun hərəkətlərini diqtə edən Mələk və Skelet, dualist zərdüşti fəlsəfəsindəki Ahura Məzda və Əhrimanla müqayisə edilə bilər.

      H.Cavid  İslam dininin klassik abidələrinə “Quran”a, hədislərə, Əli-İbn Əbutalibin “Divan”, “Nəhcül-bəlağa” kimi əsərlərinə çox  dərindən bələd olmuş və bunlardakı fəlsəfi fikirlərdən “Peyğəmbər” pyesində istifadə etmişdir.  Həm də şair bu əsərlərdən iqtibas etdiyi  fəlsəfi  fikirləri əsas etibarilə peyğəmbərin , yaxud
Əlinin öz dilindən vermişdir. Məsələn, “Quran”ın “Bəqərə” surəsinin yeddinci ayəsində deyilir:”Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!”

             “Peyğəmbər” pyesində həmin ayənin bədii iqtibası ilə H.Cavid ictimai mühiti təsvir etməyə nail olmuşdur:

                             Əvət, gözlər kordur, qulaqlar sağır,

                              Vicdanlar qabadır, tənələr ağır.

                              Fəqət sağır qulaqları açmalı,

                              Tikanlı yollara güllər saçmalı.

                              Əvət, açmalı kor olmuş gözləri,

                               Əvət, dinlətməli acı sözləri.

 

     Pyesdə Əbu Talib oğlunun:

                                Fəqət,məncə,elm,ədəb,

                                Həsəb-nəsəbdən müqəddəm –

sözləri də bilavasitə Həzrət Əlinin “Divan”ından götürülmüşdür.

          Peyğəmbərin bu məzmunda olan məşhur hədisini də H.Cavid bir qədər dəyişdirərək, aşağıdakı kimi verir:

                               Etsə bir ləhzə təfəkkür birisi,

                               Məncə, min illik ibadətdən eyi.

       Yeri gəlmişkən, bu hədisin ifadə etdiyi fəlsəfi  dünyagörüşü,yəni  elmin, düşüncənin, təfəkkürün quru ibadətdən üstünlüyü Azərbaycan poeziyasında öz əksini çox-çox əvvəllər  tapmış, klassiklərimizin yaradıcılığında, bədii şəkildə təcəssüm olunmuşdu. Hələ “Peyğəmbər” pyesinin yazılmasından tam  400  il öncə böyük  Füzuli öz əsərlərində zahidi-yəni ibadət yolu ilə Allaha yaxınlaşmaq istəyəni arzulamamış, arifi – yəni  elm yolu ilə Allahı dərk etmək istəyəni isə tərifləmişdi.

        İslam fəlsəfi sistemində yaranıb formalaşmış sufizm dünyagörüşünün termin və müddəalarına da “Peyğəmbər” pyesində rast gəlmək mümkündür. Bu termin və müddəalar əsas etibarilə Peyğəmbərin ipostasislərindən biri olan Mələk obrazının dili ilə verilir. Elə əsərin başlanğıcında Mələk, vəhdəti-vücud fəlsəfəsinin müddəalarına söykənərək deyir:

                                         Ayrı olsaq da, iştə hər ikimiz,

                                         Bir rübabın inildəyən səsiyiz.

                                         Mən sənəm, sən də mən,şaşırma əvət,

                                         Mən sənin əqlinəm, fəqət daim

                                         Bu qiyafətlə zahir olmadayım.

 

       Əsərdə sufizm terminləri olan “hüsnü-mütləq”,”cüz”,”küll”,”zərrə”,”vücudi-mütləq” və s. ifadələrin yerində işlənməsi, H.Cavidin bu fəlsəfi dünyagörüşünün mahiyyətinə yaxından bələdliliyini sübut edir.

        Maraqlıdır ki, Mələk sufizm  dünyagörüşünü təmsil edirsə, Peyğəmbərin  digər  ipostasisi – Skelet hürufizmə çox meyl edir. Peyğəmbərin  Tanrıya hədsiz məhəbbət və bağlılığını müşahidə edən Skelet:

                                        Fəqət tapdığın ulu Tanrı,

                                        Sən özünsən, deyil o səndən ayrı.

                                         Əvət, sən o küllün cüzisən, inan!

                                        Əfsus, üzc uzaqdır küllü sormaqdan.

 

    Sonunda Skeletin qılıncı ilə birgə, Peyğəmbər onun bu müddəasını da qəbul edir və:

                                         Əvət, arif düşünür, haqqı bulur,

                                          Aqibət kəndisi bir tanrı olur –

 

  • nəticəsinə gəlir.

                 “Peyğəmbər” pyesinin fəlsəfi strukturu ümumilikdə Hüseyn Cavid dramaturgiyasının fəlsəfi strukturu ilə qırılmaz şəkildə bağlıdır və orada özünəməxsus bir mərhələ  təşkil edir. Bu mərhələdə  H.Cavidin gəldiyi başlıca nəticəni üzə çıxarmaq çətin olsa da, bunun:

 “MƏHƏBBƏTDİR ƏN BÖYÜK DİN!” fikrində  ifadə olunduğu ehtimalını irəli sürmək olar. Lakin bu da maraqlıdır ki, filosof-sənətkar məhəbbətin özünə də ziddiyyətlərin – kin və istəyin vəhdəti kimi baxır.

 

                                                                            

                                                                      Nərgiz FƏTİYEVA

                                            Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində

                                            Azərbaycan Dövlət Pedaqoji Kollecinin dil ədəbiyyat müəllimi