Fənn birləşməsi komissiyasının sədri

   Yunusova Vəfa Rafiq qızı 31 iyul 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə Bakı şəhəri Nizami rayonu 12 saylı orta məktəbin birinci sinfinə getmiş,1990-cı ildə həmin məktəbi bitirərək elə həmin il ADPU-nun (həmin dövrdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti adlanırdı) filologiya fakültəsinə daxil olmuşdur.Tələbəlik illərində mütəmadi olaraq TEC xətti ilə keçirilən konfranslarda iştirak etmiş, filologiyanın müxtəlif sahələrini əhatə edən elmi məruzələrlə çıxış etmişdir.

    1995-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək, fakültə rəhbərliyinin göndərişi ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türkologiya şöbəsinin qiyabi aspiranturasına müvəffəqiyyətlə imtahan verərək qəbul olmuşdur. Aspirant olduğu dövrdə də müxtəlif elmi konfranslarda, mətbuatda məqalə və məruzələrlə çıxış etmişdir. 2000-ci ildə “Orxon-Yenisey abidələrində şəxs adları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1995-2000-ci illərdə ADPU-nun “Dilçilik” kafedrasında baş laborant, 2006-2008-ci illərdə Bakı Avrasiya Universitetində baş müəllim işləmişdir.2008-ci ildən bugünə qədər ADPU-nun nəzdində ADPK-da ana dili və ədəbiyyat müəllimi işləyir. 2016-2017-ci tədris ilindən başlayaraq ana dili və ədəbiyyat fənn birləşmə komissiyasının sədridir.


 

    Müasir dövrdə təhsil sistemində aparılan islahatlar, onun müasir tələblərə cavab verməsi üçün görülən tədbirlər Respublikanın bütün tədris müəssisələrində olduğu kimi ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində də səmərəli şəkildə həyata keçirilir.Yeni və dövrün tələbinə cavab verən tədris planları və proqramları üzərində işlənilir, müəllimlər isə yeni innovasiyaları öyrənmək üçün təlim və treninqlərə cəlb olunur. Bu baxımdan, Ana dili və ədəbiyyat fənn birləşmə komissiyasının müəllimləri də aktiv şəkildə fəaliyyət göstərir. Belə ki, 2018 – 2019 - cu tədris ilində Ana dili və ədəbiyyat fənn birləşmə komissiyasının tərkibi 47 müəllimdən ibarət olmuşdur. Bunlardan 6 müəllim filologiya üzrə fəlsəfə doktoru (Şirəliyeva Nigar, Yunusova Vəfa, Əliyeva Fərqanə, Rzayeva Aynur, Babayeva İradə, Cəfərov Şakir ), digərləri isə tam ali təhsilli, magistr və bakalavr təhsili almış müəllimlərdir. Müəllimlərdən bəziləri hal-hazırda doktorant və dissertant kimi elmi yaradıcılıqlarını davam etdirir. Eləcə də 4 müəllim əvəzçi kimi fəaliyyət göstərir. Fənn birləşməsinin müəllimləri həm Azərbaycan dili və ədəbiyyat, həm də fənn birləşməsinin dərs yükünə seçmə fənn kimi daxil olan Dünya Vətən mədəniyyəti, Mədəniyyətşünaslıq, Milli əxlaq və ailə etikası kimi fənləri də tədris edirlər.

   2019-2020-ci tədris ilindən Respublikanın bütün tədris müəssisələrində olduğu kimi Multikulturalizm fənni də fənn birləşməsinin dərs yükünün seçmə fənlər blokuna daxil edilmişdir. Ana dili və ədəbiyyat fənn birləşmə komissiyasında tədris olunan fənlər blokuna aşağıdakılar daxildir: Ümumtəhsil fənləri (bütün ixtisaslar üzrə): Azərbaycan dili (Azərbaycan və rus bölməsi üzrə), Ədəbiyyat 2018-2019-cu tədris ilində İxtisas fənləri blokunda müvafiq ixtisaslar üzrə aşağıdakı fənlər tədris olunmuşdur: İbtidai sinif müəllimlyi: Ana dili, Nitq mədəniyyəti, Uşaq ədəbiyyatı və ifadəli oxu, Ana dili və onun tədrisi metodikası, Hüsnxətt, Oxu və yazı təlimi Məktəbəqədər təlim və tərbiyə: Azərbaycan dili, Nitq mədəniyyəti, Dünya Vətən mədəniyyəti, Savad təlimi, Nitq inkişafı metodikası, Uşaq ədəbiyyatı və İfadəli oxu, Musiqi və onun tədrisi metodikası Ailə və ev təhsili: Nitq mədəniyyəti, Savad təlimi, Uşaq ədəbiyyatı və ifadəli oxu, Dünya Vətən mədəniyyəti, Azərbaycan dili və onun tədrisi metodikası, Nitq inkişafı metodikası, Musiqi və onun tədrisi metodikası Məktəbəqədər təhsildə korreksiyaedici təlim: Azərbaycan dili (rus bölməsi). Nitq mədəniyyəti, uşaq ədəbiyyatı və ifadəli oxu Təsviri incəsənət müəllimliyi: Nitq mədəniyyəti, Dünya Vətən mədəniyyəti Fiziki tərbiyə müəllimliyi: Nitq mədəniyyəti Texnologiya müəllimliyi: Nitq mədəniyyəti, Mədəniyyətşünaslıq, Peşə təlimi (bütün ixtisaslar üzrə): Nitq mədəniyyəti. Hər il olduğu kimi, 2018 – 2019 – cu tədris ilində də müəllimlərimiz müxtəlif təlim və treninqlərdə iştirak etmişlər. ADPU-da təşkil olunan inklüziv təhsillə bağlı təlimdə, 17-26 aprel tarixlərində ADPU-nun nəzdində ADPK-da “Siyasi psixologiya mərkəzi”nin təşkilatçılığı ilə keçirilən təlimlərdə müəllimlərimiz fəal iştirak etmişlər. Eləcə də, doktorant və dissertant müəllimlərimiz elmi konfranslarda iştirak etmiş, məruzələrlə çıxış etmişlər. Hər il olduğu kimi, bu tədris ilində də müəllimlərimiz tərəfindən kollecimizdə maraqlı tədbirlər keçirilmişdir. 28.10.2018-ci il tarixində fənn birləşməsinin müəllimi Xatirə Xəlilovanın və kollecin kitabsevərlər qrupunun təşkilatçılığı ilə yazıçı Şəmil Sadiqin tələbə və müəllim heyəti ilə görüşü keçirilmişdir. 04.03.2019-cu il tarixində ADPK-nın kitabxanasında fənn birləşməsi müəllimlərinin və kitabxananın əməkdaşlarının birlikdə “Azərbaycan ədəbiyyatında romantizm və realism cərəyanı” mövzusunda birgə müzakirəsi keçirilmişdir. 30.04.2019-cu il tarixində dahi Azərbaycan dramaturqu C.Cabbarlının 120 illik yubileyi münasibəti ilə kollecin akt zalında “Solğun çiçəklər” tamaşasının premyerası olmuşdur. Tamaşadan əvvəl isə kollecin dəhlizində fənn birləşməsinin müəllimi Nərgiz Fətiyevanın təşkilatçılığı ilə C.Cabbarlının ev muzeyinin əməkdaşları tərəfindən səyyar sərgi təqdim olunmuşdur. Bu cür tədbirlər tələbələrin dünyagörüşünün formalaşmasında mühün rol oynayır. 2019-2020-ci tədris ili kollecin tarixində xüsusi biril kimi qalacaq. Çünki 2019-cu ilin sonunda kollecimizin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Bu məqsədlə ötən tədris ilindən başlayaraq bir sıra silsilə tədbirlər keçirilmiş və bu tədbirlər ilin sonuna qədər davam edəcək. Tədbirlərin təşkilində və keçirilməsində Ana dili və ədəbiyyat fənn birləşməsinin müəllimləri də yaxından iştirak etmiş və edəcək.