44 gün davam edən Vətən Müharibəsində qəhrəmancasına şəhid olan məzunlarımız.

 

 Arəstə Kərim qızı Baxışova (4 may 1989; Qımılqışlaq, Xaçmaz, Azərbaycan SSR – 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri, Vətən müharibəsinin iştirakçısı və şəhidi. O, 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə təhsilini Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə davam etdirib. Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri Şəhidlər Xiyabanında dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

 

 

 

Cilingir Azad oğlu Nəbiyev (18 yanvar 1996, Tovuz rayonu – 27 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi. 2013-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində "Texnologiya müəllimliyi" üzrə təhsil alıb. Azərbaycan Ordusunun giziri olan Cilingir Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cilingir Nəbiyev oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cilingir Nəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cilingir Nəbiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cilingir Nəbiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cilingir Nəbiyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İlkin Saməddin oğlu Ağaquliyev (4 oktyabr 2000, Dəvəçi – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Vətən müharibəsi şəhidi. Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbdə almışdır. 2017-ci ildə Şabran şəhər 1 saylı tam orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olmuşdur. Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil almışdır. Həmin dövrlərdə Cüdo idman növü ilə də məşğul olmuş və rayon və zona yarışlarında mükafatçı olmuşdur.  İlkin Ağaquliyev 08.10.2018-ci ildə hərbi xidmətə yollanmışdır. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vurmuş və Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə öz şücaətini göstərərək qəhrəmancasına şəhid olmuşdur. 18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağaquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.