Tam orta məktəbi 2020-ci ildə bitirmişəm və buraxılış imtahanında iştirak etmişəm. Həmin nəticə ilə 2021-ci ildə imtahan vermədən kolleclərin müsabiqəsində iştirak edə bilərəmmi?
 
Qeyd olunduğu kimi, həm IX, həm də XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur. 2020-ci ildə buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər bu il imtahan vermədən kolleclərin müsabiqəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman onlar müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər. Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər.
 
2021-ci ildə peşə liseyini bitirən və buraxılış imtahanında iştirak edən abituriyentlər V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün əlavə imtahan verməlidirlərmi?

Xeyr, peşə liseyini cari ildə bitirən və buraxılış imtahanında iştirak edən lisey məzunları da kolleclərin və V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində 11-ci sinfi cari ildə bitirənlərlə eyni qaydada – buraxılış imtahanının nəticələri əsasında iştirak edirlər.

 

Orta məktəbi cari ildə Azərbaycan bölməsi üzrə bitirirəm. Ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin rus bölməsinin ixtisaslarının müsabiqəsində iştirak edə bilərəm?

Bəli, iştirak edə bilərsiniz. Qeyd edək ki, tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən əlavə imtahan verməlidirlər.

 

IX sinfi əvvəlki illərdə bitirən abituriyentlər üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı hansı qaydada həyata keçirilir?

 

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə Azərbaycanda bitirən və ya xaricdə yerləşən təhsil müəssisələrini cari və əvvəlki illərdə bitirən abituriyentlər ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) müsabiqəsində iştirak etmək üçün Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verməlidirlər. Qəbul imtahanını rus dilində verən abituriyentlər (2020-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.

 

9-illik təhsil bazasında kolleclərə müsabiqə zamanı attestatdakı qiymətlər necə nəzərə alınır?
Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.
Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir. 
  • attestatda "Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya","Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası; 
  • qəbul (buraxılış) imtahanında ana dili fənni üzrə toplanılan balın miqdarı. 

 

Orta məktəbin 9-cu və ya 11-ci sinfini cari ildə bitirən şəxslər üçün kolleclərə qəbul qaydaları necədir?
 

Ümumi (9-illik) və tam (11 illik) orta  təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər kolleclərə ayrıca qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında ana dili, riyaziyyat  və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak edirlər. 

Həm cari ilin, həm əvvəlki illərin məzunları ərizə qəbulunda iştirak etməlidirlər. 

 

Subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu necə həyata keçirilir?
 
 Subbakalavrlar ali təhsil müəssisələrinin müsabiqəsində müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər balla iştirak edirlər (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra). İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Qeyd edək ki, imtahansız qəbul subbakalavr peşə-ixtisas dərəcəsi alan və təhsil sənədində bu barədə müvafiq qeyd olan orta ixtisas təhsili müəssisələrinin məzunlarına aiddir.