“Şuşa İli”

          Tarixi Şuşa şəhəri və qədim abidələrimiz!

 

 

                                                    Şuşasız Qarabağ, Qarabağsız isə,
ümumiyyətlə, Azərbaycan yoxdur.

                                                Heydər ƏLİYEV, ümummilli lider

 

 

Azərbaycan müasir tarixinin ən parlaq, qürurlu dönəmini yaşayır.  Ölkəmiz son 200 il ərzində tarixinin ən möhtəşəm səhifəsini yazmaqla milli qürurumuzun, yaddaşımızın, ruhumuzun yenidən dirçəlməsi dövrünə qədəm qoyub.

 Azərbaycan müdrik dövlət xadimi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və iradəsi,  Rəşədətli Ordumuzun şücayəti sayəsində öz tarixi torpaqlarını işğaldan azad edib. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciəti zamanı Şuşa şəhərinin işğalçılardan azad edilməsi xəbərini verdi. Qarabağın tacı olan Şuşanın azad edilməsi isə tarixi Qələbəmizin zirvəsi, 30 illik həsrətin sona çatması demək idi. 

Hər bir azərbaycanlı üçün milli fəxarət və qürur mənbəyi olan azad Şuşanın  keçmişini gənc nəslə çatdırmaq təhsil müəssisələrimiz və hər bir təhsil işçisi qarşısında duran vacib vəzifələrdən biridir.  Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncam Şuşanın tarixinin  dərindən araşdırılması, milli -mənəvi  yaddaşımızın şahidi olan  yurd yerlərində yaradılmış əvəzolumaz abidələrimizi dərindən öyrənmək  və milli-mənəvi dəyərlərə sahib çıxmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Sərəncamda qeyd olunur: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır”.

 Təhsilalanlara çatdırmalıyıq ki,  “Azərbaycan musiqisinin beşiyi”, “Qafqazın sənət məbədi” adlandırılan Şuşa şəhəri Qarabağın mədəniyyət mərkəzi sayılır. Şuşada 549 qədim yaşayış binası, 17 məhəllə, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə və s. olub. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan,  Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetişdirən  Şuşa Azərbaycanın alınmaz qalasıdır, mədəniyyət məbədi, tarixi abidədir. “Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi, tarixin müxtəlif dönəmlərində yadellilərə təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da bu cənnət məkan diyarı fəth etmək uzun illər heç kimə nəsib olmamışdır. “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” deyən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğunu söyləmişdir.

 XIX əsrdə bütün Qarabağın inzibati, iqtisadi mərkəzi olmuş, inkişaf etmiş bu şəhərin mənəvi pasportu sayılan Daşaltı dərəsi, Cıdır düzü, memarlıq inciləri  Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır.  “Şərqin konservatoriyası” adlanan Şuşa Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələskərov kimi görkəmli incəsənət xadimlərinin vətəni olmuşdur.

 Şuşa qədim tarixi-dini mədəniyyət abidələri ilə Azərbaycan tarixində özünəməxsus yer tutur. Onların arasında Gövhər ağa Məscidini xüsusi qeyd etmək olar. Qarabağ hökmdarı İbrahim Xəlil xanın (1732-1806) qızı Gövhər ağa, Gövhərnisə bəyim  (1790-1888) Şuşanın tarixində silinməz üz qoyub. Şəhərin iki mühüm dini mərkəzi - Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri onun adı ilə bağlıdır. Yuxarı Gövhər ağa məscidi  şəhərin mərkəzi meydanında tikilmiş ən qədim tarixi abidədir. Məscidin inşası dörd mərhələdə həyata keçirilib. İlk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel, təxminən 1850-ci ildə inşa edilib. Bu, xanlığın mərkəzinin Şahbulaq qalasından Şuşaya köçürülməsi ilə bağlı olub. Pənahəli xanın göstərişi ilə Şuşa qalası, qala daxilində xan ailəsinin üzvləri üçün qəsr və saraylar, eləcə də məscid,  ikinci məscid isə İbrahimxəlil xanın dövründə qamış məscidin yerində daşdan inşa edilib (1768-1769). XIX əsrin birinci yarısında Gövhər ağanın maddi köməyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa olunur. Bu məscid ikimərtəbəli, mərkəzi günbəzli və qoşa minarələrə malik idi. Həmin tikili XVI-XVIII əsrlərdə Azərbaycanda geniş yayılmış dini memarlıq kompozisiyası xüsusiyyətlərini əks etdirirdi. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu məscidi inşa edilib. Bu məscidin müəllifi məşhur Kərbalayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin dekoru və otaqların divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənib. Dördüncü məscid kompozisiya-planlaşdırma və memarlıq bədii xüsusiyyətlərinə görə sələfindən kəskin şəkildə fərqlənir. Gövhər ağanın vəsaiti ilə 1865-1866-cı illərdə Şuşanın Qapan meydanında Aşağı Gövhər ağa məscidi kimi tanınan dini kompleks inşa edilmişdi. 1884-1885-ci illərdə isə yenə onun istəyi və vəsaiti ilə əsası Pənahəli xan tərəfindən qoyulmuş (1769) Cümə məscidinin (Yuxarı Gövhər ağa məscidi) inşası tamamlanmışdı. Məscidlərin ikisi də qarabağlı memar Kərbəlayı Səfixanın layihəsi əsasında tikilmişdi və kompleks (məscid, mədrəsə, kitabxana, yaşayış evi, bağça, hovuz və s.) xarakterli idi.

   Onu da qeyd edək ki, 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” Qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.

    Şuşanın erməni işğalı zamanı hər iki məscid dağıdılmışdı. Şuşa azad olunandan - 28 illik fasilədən sonra 2020-ci il noyabrın 10-da bu məscidin minarəsindən azan verilmişdi, noyabrın 13-də isə ilk cümə namazı qılınmışdı. Qeyd edək ki, dördüncü məscid dövrümüzə qədər yaxşı vəziyyətdə saxlanmışdı. 1992-ci ilin mayında Şuşanın mənfur qonşularımız tərəfindən işğalı nəticəsində məscid erməni vandalizminə məruz qalıb və qismən dağıdılıb. İnteryerləri demək olar ki, məhv edilib, minarələrinin dekoru zədələnib və çadırvarı örtükləri dağıdılıb. Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən azad edilməsi ilə Yuxarı Gövhər ağa məscidi də erməni əsarətindən qurtardı.

    Azad edilmiş torpaqlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini abidələrin əsaslı təmiri, bərpası və inşası, Şuşada Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidlərinin, yeni məscidlərin tikinti-bərpa işlərinə başlanılması, habelə digər dini abidələrin, mədəniyyət ocaqlarının təmiri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində  misilsiz xidmətlərinin bariz nümunəsidir. Xalqımız, bütün təhsil işçiləri tam əmindir ki,  ölkə rəhbərinin müvafiq tapşırıq və tövsiyələri ilə Şuşada aparılan abadlıq və quruculuq işləri nəticəsində  Şuşanın öz  əvvəlki gözəlliyi və şöhrəti  tezliklə  yenidən bərpa olunacaq.

                    

Elnarə ƏMİROVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tarix müəllimi