“Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”

Hüseyn Cavid yaradıcılığına olan böyük sevgimizdən və Azərbaycan Respublikasının Prezidentinin Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamını ( 24 sentyabr 2022-ci il ) rəhbər tutaraq 27.12.2022-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” adlı ədəbi-bədii tədbir keçirilmişdir.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova, ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran xanım, YAP-nın sədri Bəxtiyar Nəbiyev və başqaları iştirak etmişdir. Tələbələrin Hüseyn Cavid yaradıcılığına həsr etdikləri kompozisiya Cavid yaradıcılığını hərtərəfli əhatə edirdi. Kollecin foyesində Hüseyn Cavid yaradıcılığına həsr olunmuş səyyar sərgi, kitab sərgisi tədbirə gələn tamaşaçıların diqqətini cəlb etmişdir. Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamillliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. Qüdrətli sənətkar, humanist ideallar uğrunda mübarizəyə səsləyən əsərləri ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin əsasını qoymuşdur. Tədbirin sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, ADPU-nun rektoru prof. Cəfər Cəfərov çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir.