Dünyada olan xalqlar kimi Azərbaycan xalqı da zaman-zaman ağır məhrumiyyətlərə düçar olmuş, dəhşətli faciələr yaşamışdır. 

İyirminci əsrin sonlarında erməni daşnakları və onların havadarları tərəfindən törədilmiş Xocalı faciəsi də tarixin yaddaşına qan dolu salnamə kimi həkk olunmuşdur.

Bildiyimiz kimi, erməni silahlı dəstələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini mühasirəyə almış, şəhər sakinlərini evlərindən didərgin salmış, yaşlılara, qadınlara və hətta körpələrə belə, divan tutmuşdur. Əlbəttə, əliyalın insanlara qarşı zor tətbiq etmək erməni faşizminin xislətidir və həmin an dünya bu iyrənc prosesi açıq-aşkar izləmişdir.

Heç bir şübhə yoxdur ki, o vaxtkı ittifaq erməni faşizminin Xocalıda faciə törədəcəyindən əvvəlcədən xəbərdar olmuşdur. Lakin dini zərurətlər, qan qohumluğu SSRİ-ni susmağa, yüzlərlə insanın qətlinə göz yummağa vadar etmişdir. Eləcə də o dövrkü rəhbərliyin səhlənkarlığı sayəsində ermənilər 1988-ci ildən etibarən ölkəmizə qarşı hərbi təcavüzlərə başlamış, Azərbaycan SSRİ-nin tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etmişlər. Bu iddianın həyata keçməsinə təminat verənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciələrə gətirib çıxaracağının fərqinə belə varmamışlar.

Yaxın tarixə qısa ekskurs etsək, görərik ki, Xocalıda dəhşətli qətliam törətmək, şəhər əhalisini qırmaq erməni fitnəkarlarının çoxdan hazırlanmış planı olmuşdur. Çünki mənbələrdə göstərildiyi kimi, hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmuş, nəticədə şəhərdə yanğınlar baş vermiş, əhaliyə xeyli ziyan dəymiş, fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Alovların içində çırpınan, həmin an şəhərdə olmuş 2500 Xocalı sakini Ağdam rayonuna pənah aparmaq üçün şəhəri tərk etmək məcburiyyətində qalmışdır. Təəssüflər olsun ki, onlar erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri tərəfindən şiddətli işgəncəyə məruz qalmışlar. 

Xocalı faciəsi haqqında statistik məlumatlarda göstərilir ki, qırğın nəticəsində şəhər ahalisindən 613 nəfər həlak olmuşdur. Onlardan 63 nəfəri uşaqlar, 106 nəfər qadınlar, 70 nəfər isə qocalardır. Şəmçinin, faciə zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.

Eyni zamanda, faciə nəticəsində 487 nəfər yaralanmışdır ki, onlardan 76 nəfəri uşaqlardır.

Xocalı faciəsi əsrin ən dəhşətli faciəsidir. Həmin vaxt ermənilər 1275 nəfəri əsir götürmüşdür. Bu xəyanət nəticəsində 150 nəfər itkin düşmüşdür. Və nəticə etibarilə, ermənilər tərəfindən dövlətin və əhalinin əmlakına o dövrün qiyməti ilə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Bütün bunlar dəhşət saçan faktlardır və erməni faşizminin üç üzünü göstərir.

Bilirik ki, Xocalı şəhərinin 7 min əhalisi olmuşdur. Şəhər Xankəndindən 10 km. cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran - Xankəndi yollarının üstündə yerləşir. Coğrafi relyefi baxımından Qarabağda yeganə hava limanı da məhz Xocalıdadır. Buranın əhalisi əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərin coğrafi mövqeyi bütün manevrlər üçün əsas verib deyə erməni silahlı dəstələri burada faciə törətməkdə heç bir çətinlik çəkməmişdir.

Erməni mənbələrinin yaydığı məlumatlara görə, Xocalıda faciə törətməkdə məqsəd həm oradakı əhalini qırmaq, Qarabağda azərbaycanlıların sayını azaltmaq, həm də Xocalı platsdarmını məhv etməklə bu məntəqədən keçən Əskəran-Xankəndi yolunu boşaltmaq, azərbaycanlıların nəzarətində olan hava limanını ələ keçirmək olmuşdur.

Biz bir anlıq "Xocalı platsdarmını məhv etmək” rakursuna qısa şərh verək; bu, o anlama gəlir ki, ermənilərin məqsədi Qarabağda yaşayan azərbaycanlıları kütləvi şəkildə qırğına məruz qoymaq, yaşlıları, uşaqları, qadınların, qocaları, bir sözlə, ayağı yer tutan hər kəsi məhv etmək, Qarabağda üstünlüyə malik olmaq və bununla da növbəti ərazi iddiasını həyata keçirmək olmuşdur. Etiraf edək ki, təkcə Xocalıda qətlə yetirilmiş insanlara qarşı edilmiş zorakılıq, ağır işgəncə halları insanlığa sığmayan hərəkətlərdir və bu prosesi ancaq barbar təfəkkürdə olan quldur dəstələr törədə bilərlər. Bu, həm də o anlamı ifadə edir ki, ermənilər xarici havadarlarının köməkliyi ilə İrəvan xanlığının ərazisində Ermənistan adlı dövlət qurduqdan sonra Böyük Ermənistan dövləti qurmaq iştahına düşmüşdülər və bunun üçün də qətliamlarını birinci olaraq Azərbaycanın Qarabağ bölgəsindən başlamışdılar. 

Əslinə qalsa, Xocalı 1991-cı ilin oktyabrından blokadada olmuşdur. Çünki oktyabr ayında artıq şəhərlə avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi kimi vertolyota ümid qalmışdır. Təəssüflər olsun ki, Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmiş, Şuşa şəhərinin səmasında bu mülki vertolyotun vurulmasından, nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdir. Bu da ermənilərin işini asanlaşdırmış, öz mənfur planlarını arxayın şəkildə həyata keçirmişlər.

Xarici jurnalistlər faciə törədilmiş məkanda olarkən dəhşətli vəziyyət müşahidə etmişlər. Belə ki, meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları və s. onları dəhşətə gətirmişdir.

Şəhər əhalisinin gülləboran edilməsi, erməni fitnəsindən canlarını qurtaranların da qarlı aşırımlarda və meşələrdə donması, sonra da onların erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilməsi tarixdə görünməmiş vəhşilikdir. Nədənsə, yuxarıda dediyimiz kimi, hələ də dünya ölkələri erməni qəddarlığının bu son həddinə göz yumur.

Ölkə Prezdenti İlham Əliyev Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı fərman imzalayıb. Bu fərman faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, həmçinin dünyanın diqqətini bu faciəyə yönəldən əsas prosesdir.

Bəli, əsrlər ötəcək, lakin Xocalı faciəsi tarixin yaddaşından silinməyəcək. Çünki bu faciə tarixin yaddaşına qan dolu salnamə kimi hopub...

 Kİfayət Mənsimova

ADPU-nun nəzdində ADPK-nin müəllimi