Azərbaycan Memarlıq və İnşaat Universitetində Əcnəbi dillər kafedrasının müdiri, dos. Aygün Məmmədovanın təşəbbüsü və təşkilatçılığı ilə “Dil, milli kimlik və tarixi şüur: xalqların formalaşmasında dil faktorunun rolu” adlı olduqca faydalı yanaşmalarla zəngin elmi seminar keçirilmişdir.
Tədbirdə AzMİU-nun rektoru, professor, əməkdar memar Gülçöhrə Məmmədova, AzMİU-nun rektorunun müşaviri, “Kiçik Nobel mükafatı” olan Humboldt mükafatının ilk azərbaycanlı laureatı, Almaniyanın “Helmholtz” Elmi-Tədqiqat Mərkəzinin Dinamik Sistemlər şöbəsinin müdiri, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri professor Məsud Əfəndiyev, Azərbaycan Dövlət Radiosunun ali dərəcəli diktoru, xalq artisti Eldost Bayramov, eləcə də ölkənin nüfuzlu ali təhsil və elmi müəssisələrinin nümayəndələri, professor-müəllim heyəti iştirak etmişdir.
Tədbir rektor professor Gülçöhrə Məmmədovanın açılış nitqi ilə başlamış, filologiya üzrə fəlsəfə doktoru Layə Mustafayevanın moderatorluğu ilə davam etmişdir. Seminar çərçivəsində milli kimliyin formalaşmasında dilin rolu, Azərbaycan dilinin qorunması, qloballaşma şəraitində dil siyasəti və milli-mədəni dəyərlərin yaşadılması kimi aktual mövzular müzakirə olunmuşdur.
Seminarda dos. A.C. Məmmədova “Ana dili milli varlığımızın sütunudur”, prof. B.B. Məhərrəmli “Etnik şüurun formalaşmasında dilin rolu”, dos. M.N. Əsədova isə “Bizə əmanət qalan ana dilimiz” adlı məruzələrlə çıxış etmişlər. Məruzələrdə Azərbaycan dilinin xalqın milli kimliyinin ayrılmaz hissəsi olduğu, onun qorunmasının və inkişaf etdirilməsinin dövlətçilik baxımından strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılmışdır.
Seminarda həmçinin müasir dövrdə Azərbaycan dilinin yad təsirlərdən qorunması, sosial mediada və gündəlik ünsiyyətdə dil normalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılmışdır.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış, geniş fikir mübadiləsi aparılmış və seminarın elmi diskussiya mühitinin formalaşdırılması baxımından səmərəli olduğu qeyd edilmişdir.