ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşlarının iştirakı ilə Dekorativ-tətbiqi sənət ixtisası üzrə təcrübə dərsləri izlənilib.
Dekorativ-tətbiqi sənət ixtisası üzrə təhsil alan DTS24/02 qrup tələbəsi Heybətova Aybəniz və digər tələbələrin hazırladığı əl işləri ilə tanış olunub. Təcrübə dərsləri zamanı təcrübə müəlliməsi Sadiyeva Arzunun rəhbərliyi ilə yapma və boyakarlığın qarışıq texnikasından istifadə edilərək müxtəlif əl işləri hazırlanıb.
Təcrübə müddətində qarışıq texnikanın tətbiqi vasitəsilə müxtəlif material və üsulların birgə istifadəsinə geniş imkan yaradılıb. Yapma prosesi zamanı həcmli formalar qurulub, kompozisiyalar yaradılıb və materialların plastik xüsusiyyətlərindən istifadə olunub. Boyakarlıq mərhələsində isə rəng həlli, işıq-kölgə münasibətləri, faktura və harmoniyaya diqqət yetirilərək əsərlərin bədii ifadəliliyi artırılıb.
Nəticədə, yapma və boyakarlıq texnikalarının vəhdəti əsasında dekorativ və estetik baxımdan zəngin, orijinal əl işləri ərsəyə gətirilib.