Yasamal rayonunda Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş minifutbol, şahmat və dama üzrə silsilə idman yarışlarına start verilib.
Tədbir YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, AMEA, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektoru və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.
Oktyabrın 29-da ilk yarış — dama turniri ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutub. Açılışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Gənclər və idman sektorunun müdiri İlham Səfərov, kollecin direktor müavinləri Nigar Şirəliyeva və Sevda Axundova, eləcə də müxtəlif təşkilat və müəssisələrin nümayəndələri iştirak ediblər.
Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi yad olunub. Çıxışlarda vurğulanıb ki, yarışlar elmlə idmanın vəhdətini, milli həmrəyliyi və sağlam həyat tərzini təşviq edir.
Sonda qaliblər diplom və medallarla, hakim isə hədiyyə ilə təltif olunub, xatirə fotosu çəkilib.