ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Unutmadıq, unutmayacağıq!” adlı tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimli, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri Sabir Allahverdiyev, Nəbi Hacıyev və Aqil Haqverdiyev iştirak ediblər. Qonaqlar öz çıxışlarında Xocalı faciəsinin insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirib, bu dəhşətli qırğının tariximizdə silinməz iz buraxdığını vurğulayıblar.
Tədbirdə çıxış edən kollecin direktoru Amalya Sezgin İkinci Qarabağ müharibəsi və bir sutkalıq antiterror tədbirləri nəticəsində düşmənin darmadağın edilərək təslim aktına imza atdığını, torpaqlarımızın işğaldan tam azad olunduğunu, bununla da soyqırım qurbanlarının intiqamının alındığını bildirib, gənclərə vətənpərvərlik ruhunda tövsiyələrini çatdırıb.
Tədbir tələbələrin hazırladığı kompozisiya ilə yekunlaşıb.