ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Amalya Sezgin 2 aprel tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Elm Günləri” (1-3 aprel) çərçivəsində “Prezident İlham Əliyevin dil siyasəti: Azərbaycan dili milli kimliyin, elmi düşüncənin və müasir inkişafın dayağı kimi” mövzusunda plenar sessiyada iştirak edib.
Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, akademik Nizami Cəfərov, bir sıra ali və orta ixtisas təhsili müəssisələrinin dilçilik üzrə mütəxəssisləri iştirak ediblər.
Dil siyasəti ilə bağlı akademik Nizami Cəfərov dövlət başçısının Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, onun beynəlxalq səviyyədə tanıdılması və inkişafı istiqamətində həyata keçirdiyi islahatlara diqqət çəkib. O, ölkə başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanını milli dilin inkişafında mühüm addım kimi qiymətləndirib.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb. Ali təhsil müəssisələrində Azərbaycan dili kafedralarının yenidən təşkili, xarici dillərdən tərcümənin keyfiyyəti və s. məsələlərlə bağlı təkliflər səsləndirilib.