ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda şanlı Zəfərin 5 illiyinə həsr edilmiş “Tarixə çevrilən həqiqət – unutmadıq, unutmarıq” adlı tədbir, Vətən müharibəsi şəhidlərinə və qazilərinə ithaf olunmuş “Allaha salam” filminə baxış və yaradıcı heyətlə görüş keçirilib.
Tədbirdə kollecin tələbələri, müəllim və inzibati heyəti, eləcə də filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza, baş rolun ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Məmmədsəfa Qasımov, filmin operatoru Məmmədəmin Əlizadə, həmçinin kollecin məzun-qaziləri iştirak etmişlər.
Tədbiri kollecin “Milli-mənəvi dəyərlər” dərnəyinin rəhbəri Nərgiz Fətiyeva açıb. Kollecin direktoru Amalya Sezgin çıxışında 44 günlük müharibədə qazanılmış möhtəşəm qələbənin tarixi əhəmiyyətindən, xalqımızın birliyindən və filmin məziyyətlərindən bəhs edib. Daha sonra veteran döyüşçü anası, kollecin fənn birləşmə komissiyasının sədri Təranə Həmzəbəyova və kollecin məzun-qaziləri çıxış ediblər.
Filmin nümayişindən sonra tələbələr rejissor Xəyal Rza, Xalq artisti Məmmədsəfa Qasımov və operator Məmmədəmin Əlizadəyə suallar ünvanlayıblar. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.