Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika fənn birləşməsinin sədri və təcrübə rəhbəri Nüşabə Seyidin təşəbbüsü ilə “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisasının 23/03 qrup tələbələrinin pilot layihə təqdimatı keçirilib.
Həyata keçirilən bu layihə tələbələrin auditoriyada əldə etdikləri nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsinə, onların peşə səriştələrinin formalaşdırılmasına və müasir informasiya texnologiyaları sahəsində tətbiqi bacarıqlarının inkişafına xidmət edib.
Layihə çərçivəsində üçmərtəbəli inzibati bina üçün müasir tələblərə cavab verən şəbəkə infrastrukturu layihələndirilib və “Şəbəkə topologiyası” mövzusu üzrə təqdimat hazırlanıb.
Layihənin əsas məqsədi tələbələrin kompüter şəbəkələrinin qurulması, idarə olunması və təhlükəsizliyinin təmin edilməsi sahəsində əldə etdikləri nəzəri bilikləri praktik müstəvidə tətbiq etmələrinə şərait yaratmaq olub.
İş prosesində binanın şəbəkəsinin fiziki və məntiqi strukturu hazırlanıb, şəbəkə avadanlıqlarının yerləşdirilməsi planlaşdırılıb, təhlükəsizlik və nəzarət sistemlərinin inteqrasiyası nəzərdə tutulub. Tələbələr layihənin hazırlanması zamanı müasir şəbəkə texnologiyalarından istifadə edərək komandada işləmək, texniki problemləri həll etmək və layihələndirmə bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Təqdim olunan layihə tələbələrin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə, əmək bazarının tələblərinə uyğun praktik bacarıqlar qazanmasına və gələcək fəaliyyətlərində uğur qazanmalarına mühüm töhfə verib.