23 aprel 2026-cı il tarixində “Pedaqogika-Psixologiya” FBK-nın fəaliyyət planı çərçivəsində, İnklüziv təhsil və təcrübə şöbəsinin əməkdaşlığı ilə III kurs İnklüziv təhsil ixtisası üzrə tələbələr üçün qarşıdan gələn istehsalat təcrübəsi öncəsi maarifləndirici təlim keçirilmişdir.
Təlimin əsas məqsədi tələbələrdə peşə etikası prinsiplərinə uyğun davranış vərdişlərini formalaşdırmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş prosesində məsuliyyətli və həssas yanaşmanı təşviq etmək olmuşdur.
Təlim “Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş üslubu və peşə etikası” mövzusunda FBK müəllimi İsmayılova Günay Nəbi qızının təqdimatında təşkil olunmuşdur. Tədbir zamanı iştirakçılara yeni məlumatlar verilmiş, müxtəlif situasiyalar birgə təhlil edilmiş, interaktiv şəkildə keçirilən təlimdə tələbələri maraqlandıran bütün suallar cavablandırılmışdır.
İstehsalat təcrübəsi öncəsi keçirilən bu təlimin tələbələrə inklüziv təhsil mühitində düzgün ünsiyyət qurma yollarını öyrənmək, etik normalara riayət etməyin vacibliyini dərk etmək və gələcək peşə fəaliyyətlərində humanist, peşəkar mövqe sərgiləmək baxımından olduqca əhəmiyyətli və faydalı olduğu iştirakçılar tərəfindən xüsusilə vurğulanmışdır.