29–31 oktyabr 2026-cı il tarixlərində Şuşa şəhərində keçirilən “ZƏFƏR” II Beynəlxalq Elmi-Araşdırmalar Konfransında ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimləri elmi məqalələri ilə iştirak ediblər.
29–31 oktyabr 2026-cı il tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “ZƏFƏR” II Beynəlxalq Elmi-Araşdırmalar Konfransı keçirilib.
Konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (IKSAD), Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və İqtisadi Elmi Tədqiqatlar İnstitutunun (ESRI) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin təşkilində IKSAD-ın Azərbaycandakı rəhbəri, baş direktoru və koordinatoru, filologiya üzrə fəlsəfə doktoru Əlvan Cəfərovun xüsusi əməyi olub.
Konfransda ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimləri Rəna Xəlilli, Xatirə Daşdəmirova və İlhamə Əsgərova iştirak edib, elmi məqalələri ilə çıxış edərək müzakirələrə töhfə veriblər. Konfransın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
Tədbir çərçivəsində təşkil edilən ekskursiya proqramı iştirakçılara Qarabağın tarixi, mədəni irsi və müasir inkişafı ilə yaxından tanış olmaq imkanı yaradıb.
Ağdam şəhərində iştirakçılar Ağdam Cümə məscidi və Əsgəran qalasını ziyarət ediblər.
Xankəndi şəhərində şəhərin müasir görkəmi ilə tanış olmuş, Zəfər Parkını ziyarət etmişlər.
Şuşa şəhərində isə Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Şuşa qalası, Üzeyir Hacıbəylinin heykəli, Tut bağçası, Natəvan bulağı, güllələnmiş büstlər, Cıdır düzü və İsa bulağı ilə tanış olublar.
Konfrans elmi əməkdaşlığın genişləndirilməsi, tarixi irsimizin tanıdılması və milli-mənəvi dəyərlərimizin təbliği baxımından əhəmiyyətli olub.
Zəfər tariximiz, elmi uğurlarımız və milli-mənəvi dəyərlərimiz daim yaşasın!
Qarabağ Azərbaycandır!
Müəllif
Kontent Meneceri
ADPK redaksiyası