Son xəbərlər (46)

Son xəbərlər

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi uğurlarımızda, torpaqlarımızın düşmən tapdağından azad edilməsində həlledici sözü deyən qəhrəman əsgərlərimizin körpəlikdən milli qürur və milli ləyaqət hissi ilə yetişdirilməsində, vətənpərvərlik ruhunda formalaşmasında ədəbi əsərlərin rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Düşmən üzərində möhtəşəm qələbəmiz, xalqımızda olan yüksək əhval ruhiyyə, fəxr hissi, qırılmaz iradə və əzm onlarda olan vətənpərvərlik hissinin yüksək dərəcədə olmasının göstəricisidir. Bu isə təlim və tərbiyə ocaqlarında aparılan keyfiyyətli işin uğurlu nəticəsidir.

Günümüzdə təhsil işçiləri qarşısında düran ən mühüm vəzifə budur: Azərbaycanımızı sevən, onun keşiyində duran, Vətən üçün canından keçməyə hazır olan, eyni zamanda, intellektual səviyyəli, ağıllı vətəndaş tərbiyə etmək. Bunun təməli isə məktəbəqədər müəssisələrdə qoyulmalıdır. Məktəbəqədər dövr böyüyən nəslə bir çox qiymətli mənəvi keyfiyyətlərin aşılanmasında mühüm mərhələdir. Məktəbəqədər yaşlı uşaqların və bütün gəncliyin vətənpərvərlik, yoldaşlıq, dostluq, qayğıkeşlik, insanpərvərlik ruhunda tərbiyəsi işi bütün zamanlarda ən mötəbər yeri tutmalı və günbəgün cilalanmalıdır.

Kiçik yaşlı uşaqlar xeyir, şər, dostluq, düzlük və doğruçuluq, qayğıkeşlik, təvazökarlıq, qənaət, ədalət, ədalətsizlik, sülh, müharibə, sadəlik və s. haqqında təsəvvür və anlayışlara məktəbəqədər müəssisələrdə və ümumtəhsil məktəblərində yiyələnirlər.

Dünyaya yeni göz açan körpələrimizin tərbiyəsi və təlimi prosesində islam əxlaqına, türk dünyasının mənəviyyatına, müqəddəs Qurani-Kərimə, şifahi xalq ədəbiyyatı nümunələrinə, zəngin klassik irsimizə, eyni zamanda ümumbəşəri dəyərlərə arxalanmalıyıq.

Bu il 880 illik yubileyini təntənə ilə qeyd etdiyimiz dahi Nizami Gəncəvinin kiçik yaşlı uşaqların inkişafı, tərbiyəsi və təhsili haqqında təlim-tərbiyə nəzəriyyəsini öyrənmək, tədqiq etmək, eyni zamanda, onların bir şəxsiyyət kimi formalaşması üçün müasir iş prosesində bundan istifadə etmək olduqca faydalıdır.

“Dahi şair və böyük tərbiyəçi olan N.Gəncəvi təhsil, təlim, tərbiyənin bir sıra ümumi məsələləri haqqında elə dəyərli fikir və ideyalar irəli sürmüşdür ki, bu gün də öz əhəmiyyətini itirməmişdir.

Elmi pedaqogikanın qarşısında duran ən aktual problemlərdən biri şəxsiyyətin formalaşması məsələsidir. Məlum olduğu kimi, zaman-zaman bu barədə olduqca müxtəlif fikirlər irəli sürülmüş, fərqli nəzəriyyələr yaranmışdır. Həmin müxtəlifliyi tədqiq və təhlil edən müasir dövrün alim-pedaqoqları və psixoloqları şəxsiyyətin formalaşmasına təsir edən dörd əsas amili (irsiyyət, mühit, tərbiyə, fəaliyyət) qeyd edirlər. Milli pedaqogikamız bu amilləri ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə və vəhdətdə tədqiq etməyə üstünlük verir.

“Xəmsə”nin qeyd olunan problem baxımından tədqiqi və təhlili göstərir ki, filosof-şair və tərbiyəçi-pedaqoq olan dahi Nizami həmin amillərin hər birinin əhəmiyyətini sezmiş, poemalarında

müvafiq dəyərli fikir və ideyaları irəli sürmüşdür.” [1.8]

Körpə fidanlarımız uşaq bağçalarında Azərbaycan mədəniyyətinin ən parlaq ulduzu Nizami Gəncəvi haqqında ilk məlumatı almalı, onun bəzi nağıl-hekayələri ilə tanış olmalıdırlar. Bu zaman “Xəmsə”nin motivləri əsasında uşaqlar üçün sadə dildə yazılmış hekayələrdən istifadə daha səmərəli nəticə verə bilər. “Sirlər xəzinəsi” əsərindəki uşaqların yaşlarına uyğun hekayələri, Mir Cəlalın nəsrə çevirdiyi “Yeddi gözəl” poemasından parçaları oxumaqla Nizaminin irəli sürdüyü fikirləri, mülahizələri öyrənmək, onların tərbiyəvi əhəmiyyətini tədqiq etmək məqsədəmüvafiqdir.

Dahi şair gəncləri zəhmət çəkməyə, vətəni sevməyə, elm öyrənməyə, əməklə məşğul olmağa, dürüst və doğrucul olmağa çağırır. Nizami uşaqlarda humanist keyfiyyətlərin formalaşdırılmasını yüksək əxlaqi borc, vəzifə hesab edir.

Təhsilin ilk pilləsi olan məktəbəqədər dövrdə uşaqlarda oxuma hələ formalaşmadığından, dinləmə və danışma başlıca vərdiş olduğundan böyük yaş qruplarında şairin əsərlərindən müvafiq parçaları oxumaq zəruridir. Bu, eyni zamanda, uşaqda mütaliə motivini formalaşdırır. Şairin əsərlərindən hekayə və nağılları oxuyanda həm kitabdakı illüstrasiyalara baxmaq üçün imkan yaratmaq, həm də müxtəlif qəhrəmanların sözlərini fərqli səslərlə oxumaq lazımdır. Bu həm mütaliəyə marağı artırır, oxu prosesini əyləncəli edir, həm də məzmunun yadda qalmasına şərait yaradır. Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası kitablarında da bu məsələ diqqət mərkəzində saxlanılır.

“Oxunmuş hissənin müzakirəsindən sonra nələr olacağını təxmin etməyə imkan yaradın. Sonda müzakirəni ümumiləşdirin. Lap əvvəldə mətnin adı ilə bağlı verilmiş təxminləri yada salın, müqayisə edin: hansı təxminlər özünü doğrultdu, hansılar uyğun gəlmədi. Uşaqlara sual verin: Bu hekayəni (nağılı, şeiri,..) siz yazsaydınız, necə adlandırardınız? Variantlara, arqumentlərə qulaq asın, uğurlu başlıqları qeyd edin. Mütaliədən və müzakirədən zövq aldığınızı uşaqlara hiss etdirin.

Mütaliəni tamamlamaq üçün 2 vacib sual vardır: 1. Siz nə hiss etdiniz? 2. Siz nə barədə düşündünüz? Bu suallar ətrafında qurulan müzakirə uşaqlarda hiss və fikirləri bir-birindən ayırmaq bacarığı formalaşdıracaqdır. Uşaqların oxumağı bacarmadığı zamanlarda onların kitab oxumaq istəyinə qarşı çıxmayın və “oxunu təqlid” etməsinə icazə verin.” [2.109]

Məktəbəqədər təhsil müəssisələrində uşaqların yaş xüsusiyyətlərinə uyğun bədii parçaları oxumaqla yanaşı, dahi şairin əsərlərindən bəzi hekayələrin motivləri əsasında çəkilmiş cizgi filmlərini də nümayiş etdirmək də faydalıdır. Uşaqların həyatında cizgi filmlərinin rolu böyükdür. Cizgi filmləri uşaqların psixoloji durumuna böyük təsir etdiyindən düzgün seçildikdə onların inkişafında da müsbət rol oynayır.

Dahi Nizaminin bir neçə nağıl-hekayəsinin motivləri əsasında cizgi filmləri çəkilmişdir. Onlardan 1976-cı ildə rejissor Nazim Məmmədov və Bəhmən Əliyevin çəkdiyi, mövzusu şairin “Sirlər xəzinəsi” poemasından götürülmüş “Şah və xidmətçi”cizgi filmində sədaqətli nökər və zalım şah haqqında söhbət açılır. Ağıllı nökər hər gün şahın saxladığı vəhşiləşmiş itlərə gizlincə yemək verir. Günlərin birində qəddar şah nökərinə hirslənib onu ac itlərin qarşısına atır. İtlər nökərin üstünə hücum etsələr də onu tanıyıb çəkilirlər. Beləliklə, itlər oğlanın yaxşılığını yerə vurmur, ona toxunmurlar. Şah isə cavan nökərin ona sədaqətlə qulluq etməsinə baxmayaraq, onu öldürtdürmək qərarına gəlir. Filmdə belə bir fikir irəli sürülür: şərlə mübarizədə xeyir həmişə qalib gəlir. Yaxşılıqla yamanlığın mübarizəsində yaxşılığın qələbə çalması, xeyirxahlığın həmişə yüksək, nankorluğun mənfi hal kimi qiymətləndirilməsi uşaqların tərbiyəsində örnək rolunu oynayır.[bax:8]

1980-ci ildə rejissor Nazim Məmmədovun çəkdiyi, mövzusu “Yeddi gözəl” poemasından götürülən “Xeyir və Şər” hekayəsinin motivləri əsasında çəkilmiş eyniadlı applikasiya filminin tərbiyəvi əhəmiyyəti çox böyükdür. Filmdə susuz səhrada yol gedən Xeyirin ürəyiaçıqlığı, saflığı və bunun əksinə olaraq, Şərin göstərdiyi bədxah əməllərdən danışılır. Filmi izlədikcə onun ideya

istiqaməti uşaqları özünə cəlb edir. Nağıl-hekayədən çıxan nəticə budur: insan xeyirxah olmalıdır, lakin insan başqalarına qarşı münasibətini müəyyən etməyi, xeyirxahlığı tətbiq edərkən səhvə yol verməməyi də bacarmalıdır. Hamıya, daha doğrusu, düşmənə xeyirxahlıq göstərmək olmaz, əksinə düşməni, şər qüvvələri məhv etmək lazımdır. Burada təbliğ olunan iradəli, yüksək əxlaqlı, xeyirxah qəhrəman Xeyir uşaqlarda rəğbət hissi yaradır. Uşaqlar belə nəcib, qorxmaz qəhrəmanlara bənzəməyə çalışırlar. [bax: 9]

“Nağıllar uşaq qəlbinə xeyirxahlıq toxumunu səpən ən böyük vasitədir. Onlar nağıllarda da köməksizə əl tutan insanlara, gücsüzlərə kömək edən heyvanlara, quşlara qarşı dərin məhəbbət duyur. Vətənin gözəlliyini, torpağını, suyunu sevdirir. Xeyirxah hisslər, emosional mədəniyyət insaniyyətin əsasıdır. Əgər uşaqlıqda xeyirxahlıq hissi tərbiyə olunmayıbsa, onu sonradan heç vaxt tərbiyə etmək olmaz.” [2.34]

1970-ci ildə rejissor Ağanağı Axundovun çəkdiyi, mövzusu “Yeddi gözəl” poemasından götürülmüş “Fitnə” cizgi filmini də nümayiş etdirmək məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsinində əhəmiyyətlidir. Cizgi filmində Bəhram şahın kənizi gözəl Fitnə çox ağıllı və bacarıqlıdır. O, bir insanın iradəsi və zəhməti hesabına ən çətin, hətta ağlasığmaz işlərin də öhdəsindən gələ bildiyini sübut edərək, şaha və onun əyanlarına öz üstünlüyünü göstərir. [bax:7]

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə “Mən oxudum, sən də oxu” layihəsi [https://www.youtube.com/mənoxudumsəndəoxu &sp=mAEB] çərçivəsində ölməz şairin əsərlərindən “Şah və xidmətçi”, “Kərpickəsən qoca və gənc", "Simnar", "Türküstan gözəlinin hekayəti" və s. hekayələrin bədii oxusu lentə alınmış və Yootube hostinqinə yerləşdirilmişdir. Qeyd edək ki, hekayələrin oxusu zamanı əsərə aid rəngli şəkillər və illüstrasiyalar da nümayiş etdirilir. Məktəbəqədər yaşlı uşaqların bu nağılları da dinləməsi Nizami Gəncəvi irsinə maraq oyatmağın yollarından biridir. Bu zaman tərbiyəçi müəllim oxunmuş nağıl əsasında söhbət aparmalı, nağılın əsas qəhrəmanlarının müəyyən edilməsi, onların müsbət və mənfi keyfiyyətlərinin aydınlaşdırılması üçün uşaqlara istiqamət verməlidir.

Müxtəlif mövzulardakı bədii mətnləri oxuyarkən məzmununa uyğun olaraq, dahi şairin hikmətli sözlərini, müdrik kəlamlarını misal çəkmək də yerinə düşərdi. Məsələn, vətənpərvərliyə, vətənin müdafiəsinə, igidliyə, mərdliyə həsr olunmuş oxu materialının təhlili zamanı müəllim, məzmunu dahi şairin aşağıdakı sözləri ilə qüvvətləndirə bilər və mətnin tərbiyəvi təsir gücünü artırar:

 

Çalış ki, kirpiyin olsun almaz tək,

Ayıq ol, ölkənin keşiyini çək! [4.119]

 

Belə məsəl çəkmiş aqil bir insan:

“Qurd girməz sürüyə yatmasa çoban.” [4.119]

 

Yurduna düşmənin yolun açma sən! [5.199]

 

Çalış öz xalqının işinə yara,

Geysin əməlindən dünya zərxara. [6.42]

 

Nizami Gəncəvinin əsərlərindən gətirilən belə misallar məktəbəqədər yaşlı uşaqlarda vətənpərvərlik, mərdlik, cəsarətli olmaq hissləri aşılayır. Bu da bütün zamanlarda şox vacibdir. Böyüyən nəsil gələcəkdə Vətənini qorumağa hazır olmalı, düşmənlərimizin varlığını daim yadda saxlamalı, onlara qarşı amansız olmaq ruhunda tərbiyə etməlidir. Eyni zamanda, hər bir uşaq keçmişini bilməli, öz qəhrəmanlarını-Babək, Cavanşir, Koroğlu, Şah İsmayıl Xətayi, Mehdi

Hüseynzadə və b. kimi azadlığımız uğrunda mübarizə aparan qəhrəmanlarımızı, hazırki zamanda da Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Cəbrayıl Dövlətzadə və başqa bir çoxları kimi Vətəni, xalqı üçün canından keçən şəhidlərimizi tanımalı, onunla qürur duymalıdır. Bununla yanaşı gözəl ixtisas sahibləri olaraq xalqımızın firavanlıq, sülh içində yaşaması üçün müvəffəqiyyət qazanmaq, ümumi inkişafımıza töhfə vermək istəyi ilə böyüməlidirlər.

 

Sultanova Kəmalə Ənvər qızı

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci

Aşıq Ələsgər-200

 

Aşıq Ələsgər irsinin təbliği gənc nəslin milli ruhda tərbiyəsinə ciddi təsir göstərir.


1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuş Aşıq Ələsgər Azərbaycan Aşıq sənətinin ən qabaqcıl nümayəndələrindən biri olub. Uşaqlıq və yeniyetməlik illəri Ağkilsədə keçən ustad aşıq uşaq çağlarında xüsusi təhsil ala bilməyib. Aşıq sənətinin sirlərini isə kənd camaatından, el sənətkarlarından və ağsaqqallardan öyrənib. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedib, mollaların hədisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asıb. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayıb, sonra heç bir çətinlik çəkmədən başqalarına danışıb. Bu həvəs onun gələcəkdə virtual bir sənətkar olacağına zəmin yaradıb...
İlk vaxtlar öz həmkəndlisinə nökərçilik edən gənc Ələsgər onun qızı Səhnəbanuya vurulub. Onlar bir-birilərini sevsələr də, bu izdivac baş tutmayıb. Buna görə də o, bu məhəbbətin, sevginin eşqi ilə yaşamış, lap gec - 40 yaşında ikən Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı qızla evlənmişdir. Bu izdivacdan onların 9 övladı - Bəşir, Əbdüləzim, Talıb, Nigar, Xeyransa, Gülnisə, Bəsti, Əsli və Zümrüd olmuşdur.
Vaxtilə özü şagird olan Dədə Ələsgərin özü də şagirdlər yetişdirmişdir. Onlardan Aşıq Qurban, Aşıq Talıb (öz oğlu), Aşıq Nəcəf (Ağkilsədən), Aşıq İsa, Aşıq Qasım, Aşıq Ağayar, Aşıq Mikayıl (Zoddan), Aşıq Nəcəf (Daşkənddən), Aşıq Yusif (Qızılbulaqdan-Çaxırlıdan), Aşıq Paşa, Aşıq Məmmədəli (Sarıyaqubdan), Aşıq Mustafa (Qızılvəngdən-Çiçəklidən), Aşıq Hüseyn (Hüseynquluağalıdan-Nərimanlıdan), Aşıq Nağı-Kəsəməndən (Bahardan), Aşıq Qiyas (Böyük Məzrədən), Aşıq Sadiq, Aşıq Əsəd (Böyük Qaraqoyunludan-Əzizlidən), Aşıq Nağı (Zərzibildən-Zərkənddən), Aşıq Məhərrəm (Alçalıdan), Aşıq Alı (Dərəçiçək mahalı-Torpaqqaladan). Bu şagirdlər onun yaradıcılığından xüsusi ilham almış və el şənliklərində ustadlarını bir daha mükəmməl şəkildə əxz etmişlər.
Aşıq Ələsgər şeirlərində məhəbbət, sevgi mövzusu ilə yanaşı, dağların vəsfi, təbiətin gözəlliyi, ictimai-siyasi həyata baxış, dövrün haqsızlıqlarının tənqidi də geniş yer tutur.
Aşıq Ələsgər qoşma, gəraylı, təcnis kimi janrlara üstünlük vermişdir. Bu sıraya çətin janr olan qıfılbəndi də əlavə etmək olar. Ustad aşıq bu janrda da çoxlu şeirlər yazmış və bu şeirlər el tərəfindən bu gün də sevilməkdədir.
Dədə Ələsgərin Dədə Alının istəkli şagirdlərindən biri olduğu hər kəsə bəllidir. Ələsgər məhz onun sayəsində yüksək kamala çatmış, aşıq sənətinin sirlərini daha mükəmməl öyrənmişdir. Çevik duruşu, yaxşı yaddaşı Ələsgəri Aşıq Alıya sevdirib. O, şagirdlərinin içində məhz Ələsgərin gələcəkdə böyük sənətkar olacağına inanıb, onun xətrini əziz tutub, onun kəskin hafizəsinə heyran qalıb.
Aşıq Ələsgər bir neçə dəfə ustadı Aşıq Alı və dəfələrlə də digər aşıqlarla deyişib və bu cəhd qarşısında o, heç vaxt aciz qalmayıb.
Ələsgər vara-dövlətə uymamağı, namuslu, mərd olmağı hər şeydən üstün tutub. Məsələn, bu tip şeirlərinin birində o, yazır:


Öyrən sözlərimi, saxla əmanət,
Ağalıq fikrinə dalma dünyada.
Yazın payız olar, yayın zimistan,
Çəkib qılıncını çalma dünyada.
Nakəsi kəs bilib qoyma evinə,
Naxoş olan zəhər qatar kininə.
Mərdin xəncərini çək öz sinənə,
Namərddən köməyi umma dünyada.


Bu tərz şeirlərində Ələsgər yetişən nəsillərə güclü təsir edib və həmin missiya bu gün də davam etməkdədir.
Aşıq Ələsgərin şeirləri ilk dəfə Salman Mümtazın 1935-ci ildə tərtib etdiyi “El şairləri” kitabında dərc olunmuşdur. Daha sonra Dədə Ələsgərin nəvəsi, filologiya elmləri doktoru, professor İslam Ələsgərovun redaktəsi və topladığı, Azərbaycan Elmlər Akademiyasının 1963-cü ildə nəşr etdiyi “Aşıq Ələsgər” kitabı 2 cilddə işıq üzü görüb. Yenidən isə 2005-ci ildə təkrarən yeni versiyada dərc olunub.
Bundan əlavə, Aşıq Ələsgərin irsi Azərbaycanda, Türkiyədə, İranda müxtəlif kitablarda, almanaxlarda, jurnallarda, qəzetlərdə Azərbaycan, türk, fars, kürd dillərində dəfələrlə dərc olunub.
Aşıq Ələsgər yaradıcılığın xiridarları və pərəstişkarları olan, onun poeziya dünyasına səyahət edən, bu “dünya”nın misilsiz gözəlliklərinə vurulan aşıqlar, xanəndələr, müğənnilər, bədii söz ustaları dönə-dönə onun yaradıcılığına müraciət etmişlər. Onlar xalqımızın gözəl adət-ənənələri üzərində qurulan toylarda, düyünlərdə, şənliklərdə və el bayramlarında Ələsgər qoşmalarını, gəraylılarını və s. məclislərimizin bəzəyinə çevirmişlər. Onun yaradıcılığından təkcə Azərbaycan deyil, həmçinin türk, fars, kürd, avar, ləzgi, talış, tat, dargin və başqa xalqların aşıqları da bəhrələnmişlər.


Dədə Ələsgərə bir çox tanınmış şairlərimiz - Osman Sarıvəlli, Şamil Əsgərov, Zəlimxan Yaqub, Məmməd Aslan, İsmixan Məmmədov, Eldar İsmayılov, Tərlan Göyçəli, Hüseyn Kürdoğlu, Eldar Həsənli, Abbas Vəfadağlı və başqaları poemalar, şeirlər, pyeslər həsr etmişlər. Dədə Ələsgər 105 yaşında - 1926-ci ildə Göyçə mahalında vəfat etmiş və doğma vətənində - doğulduğu kəndində dəfn olunmuşdur.
Bu il Dədə Ələsgərin anadan olmasının 200 illiyi qeyd olundu və tədbirlər hələ də davam edir. Ölkə prezidentinin müvafiq Sərəncamına əsasən bu ilin sonuna kimi Aşıq Ələsgər yaradıcılığı, Aşıq Ələsgər irsi tam tədqiq olunmalı, bu istiqamətdə silsilə tədbirlər öz nəticəsini verməlidir. Dədə Ələsgərin 200 iliyi qarşısında cəmiyyət üçün əsas vacib məqsədlər Aşıq Ələsgər irsini və aşıq sənətinin təbliği, gənc nəslin milli ruhda tərbiyə olunması üçün milli dəyərlərimizin təbliği, beynəlxalq analoji qurumlarla əlaqələrin qurulması istiqamətində önəmli addımlar atmaq, töhfə verməkdir. Bu, o anlama gəlir ki, Dədə Ələsgərin 2021-ci ildə 200 illik yubileyinin keçirilməsi çox təqdirəlayiq haldır. Çünki xalqımız 2021-ci ili həm də saz-söz bayramı kimi qeyd edir.
Bəli, Aşıq Ələsgərin Azərbaycan Aşıq sənətinin inkişafında yeri və rolu böyükdür. Şübhəsiz, bundan sonra da belə olacaq.


Nərgiz Fətiyeva,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Dil-ədəbiyyat müəllimi

                                              Zəfər tarixi

Zəfər tariximizin yolu bir qədər keçməkeşli olmuşdur.Bu qələbə asanlıqla əldə edilməmişdir. Bunu xalqımız illərdir həsrətlə,intizarla gözləyiblər. Ilk öncə  II Qarabağ müharibəsinədək olan siyasi vəziyyətdən bəhs etmək istərdim.Daha sonra isə II Qarabağ müharibəsi və  onun gedişatı haqqında ətraflı  məlumat vermək istəyirəm.Qarabağ müharibəsi 1980-ci illərin sonlarından 1994-cü  ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsi olmuşdur.Qarabağ Azərbaycanın əzəli və ayrılmaz parçasıdır. Ermənilər onun dağlıq hissəsində 1923-cü ildə sovet rəhbərliyi tərəfindən yaradılmış muxtar qurumu daima Azərbaycandan ayırmağa çalışmışlar. 1980-ci illərin sonlarında onların mövcud olan şəraitdən istifadə edərək fəallaşması Dağlıq Qarabağın və ətraf rayonların müvəqqəti olaraq itirilməsi ilə nəticələndi.Ermənilər əvvəl sovet, sonra Rusiya hərbi qüvvələrinin köməyindən istifadə edərək Dağlıq Qarabağdakı fitnəkar əməllərini genişləndirdilər. Azərbaycanlılar sıxışdırılır və qovularaq ərazidən çıxarılırdı. 1991-ci ilin sentyabrında ermənilər tərəfindən qeyri-qanuni qurumun – Dağlıq Qarabağ Respublikasının yaradıldığı elan edildi. Bu qanunsuz əmələ cavab olaraq Azərbaycan Respublikası həmin il noyabrın 26-da DQMV-nin statusunu ləğv etdi.SSRİ-nin dağılmaqda olduğu bir vaxtda onlar öz havadarlarına və uzun müddətdən bəri hazırlaşdıqlarına güvənərək hərəkətə keçdilər. Düşmənin müvəffəqiyyətinin bir səbəbi də Azərbaycanda ordu quruculuğuna ciddi şəkildə başlanılmaması idi. Ermənilərin törətdiyi silahlı təxribatlara əhali arasından çıxan könüllülər və Azərbaycan milisi (polisin əvvəlki adı) cavab verməli olurdu.Azərbaycanda mövcud olan demokratik qüvvələrin təzyiqi 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin təşkil edilməsi, oktyabrın 9-da isə Azərbaycan Respublikası silahlı qüvvələri haqqında qanunun qəbul edilməsi ilə nəticələndi.Noyabrın 19-da 22 rayon və şəhərdə özünümüdafiə batalyonlarının yaradılması qərara alındı. Lakin qat-qat yaxşı silahlanmış və təlim görmüş düşmənə qarşı bu dəstələrlə mübarizə aparmaq çox çətin idi.Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinə ermənilər tərəfindən hücumlar genişləndirildi. 1992-ci ilin əvvəllərində Kərkicahan qəsəbəsi, Qeybalı, Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri işğal edildi. Şuşanın mühasirəsini yarmaq üçün yanvarın sonlarında Azərbaycan ordusu “Daşaltı” əməliyyatı keçirdi. Lakin düzgün rabitə qurulmaması səbəbindən əməliyyat uğursuzluqla nəticələndi. Fevralın ortalarında düşmən Qaradağlı kəndini ələ keçirdi. Kəndin müdafiəçilərinə və dinc sakinlərə vəhşicəsinə divan tutuldu. Fevralın sonunda isə Xocalı soyqırımı törədildi.Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsini ATƏM-də müzakirəyə çıxardı. Münaqişənin həlli üçün yaradılan Minsk qrupu fəaliyyət göstərsə də, Dağlıq Qarabağdakı ərazilər bir-birinin ardınca ermənilər tərəfindən işğal edilirdi. 1992-ci il mayın 8-də Ermənistan Şuşa şəhərinin tutulması ilə Dağlıq Qarabağın, demək olar ki, bütün ərazisini ələ keçirmiş oldu. Bir neçə gün sonra Laçın rayonunun işğalı ilə Dağlıq Qarabağla Ermənistan arasında birbaşa əlaqə yaradıldı.Martın 25-də Azərbaycan Respublikasının o dövr üçün ən yüksək fərqlənmə dərəcəsi olan “Azərbaycanın Milli Qəhrəmanı” adı müəyyən olundu. İyunun 5-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 11 əməkdaşı göstərdiyi şəxsi igidlik və şücaətə görə ölümlərindən sonra bu fəxri ada layiq görüldülər.1992-ci ilin yay aylarında Azərbaycan Ordusu bir sıra müvəffəqiyyətlər əldə etdi. İyul-avqust aylarında Ağdərə rayonu, demək olar ki, azad olundu. Goranboyun düşmən tərəfindən tutulmuş torpaqları geri alındı. Avqustun əvvəllərində Ermənistanın Azərbaycan (Gədəbəy rayonunda) ərazisindəki anklavı – Başkənd düşməndən təmizləndi.ABŞ konqresi erməni lobbisinin təzyiqi ilə 1992-ci ilin oktyabrında “Azadlığı Müdafiə Aktı”na 907-ci əlavəni qəbul etdi. Bu sənədə əsasən, Azərbaycan guya Ermənistanı blokadada saxlamaqda təqsirləndirilir, respublikaya dövlət səviyyəsində hər cür, hətta humanitar yardımın göstərilməsinə belə ciddi məhdudiyyətlər qoyulurdu.Azərbaycan Ordusunun uğurları ermənilərin havadarlarını daha da fəallaşdırdı. 1992-ci ilin sonları – 1993-cü ilin əvvəllərində Azərbaycan Silahlı qüvvələri ağır döyüşlərə girməli oldu və bir sıra uğursuzluqlarla üzləşdi. 1993-cü ilin əvvəllərində Rusiya Azərbaycana bildirdi ki, o ya rus ordusuna güvənib MDB-yə daxil olmalı, ya da yalnız özünə arxalanmalıdır. Azərbaycan Rusiyanın ultimativ təklifi ilə razılaşmadı.Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 30 aprel 1993-cü ildə qəbul etməyə məcbur olduğu 822 saylı qətnamə ilə Kəlbəcər rayonunun işğalından narahatlığını ifadə etdi.Respublikadakı siyasi böhran, Surət Hüseynovun hərbi qiyamı və ən əsası, ermənilərin cəzasız qalması düşmənə iyun ayının əvvəllərində güclü hücuma keçməyə imkan verdi. İyul ayında Ağdam, avqustda Cəbrayıl, Füzuli, Qubadlı, oktyabrın sonlarında isə Zəngilan rayonları işğala məruz qaldı.BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğalı ilə bağlı olan 853, 874, 884 saylı qətnamələr qəbul etdi.Həmin sənədlərdə ermənilərin işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan müxtəlif bəhanələrlə bu tələbləri yerinə yetirməkdən boyun qaçırır.Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında respublikanın rəhbərliyinə qayıdışı ordu quruculuğunda da ciddi nəticələrə gətirib çıxardı. Nizamsız hərbi hissələr ləğv edildi, güclü nizami ordu yaradılması prosesi başladı. 1993-cü il noyabrın 2-də Heydər Əliyev televiziya və radio ilə müraciət edərək xalqı düşmənə qarşı birləşməyə və mübarizəyə qalxmağa səslədi.1993-cü ilin noyabrında Ali Sovet Müdafiə haqqında qanun qəbul etdi. Prezident şəxsən cəbhə bölgələrində olub konkret tədbirlər müəyyənləşdirdi.Həmin il noyabrın ortalarında Azərbaycan Ordusu artıq cəbhələrdə ermənilərin hücumlarına ciddi müqavimət göstərə bilirdi. Dekabrın ortalarında Azərbaycan əsgərləri Beyləqan istiqamətində böyük qəhrəmanlıq nümayiş etdirdilər.Akif Xanəliyev bir döyüşdə 50-yə qədər düşmən əsgərini məhv etdi, Etibar İsmayılov döyüşçü yoldaşlarını xilas edərək özünü düşmən tankının altına atdı və onu partlatdı. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.1994-cü il yanvarın 5-də Azərbaycan Ordusu Füzuli rayonundakı mühüm strateji əhəmiyyətə malik olan Horadiz qəsəbəsini və 22 kəndi azad etdi. Hücum genişləndirildi, Cəbrayıl rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir sıra yaşayış məntəqələri düşməndən təmizləndi. Azərbaycan Respublikası 1994-cü il mayın 8-də münaqişədə iştirak edən tərəflərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının niyyətini təsdiq edən Bişkek protokolunu imzaladı. 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə edildi. Dağlıq Qarabağ münaqişəsinin gedişində təkcə azərbaycanlılar deyil, digər millətlərdən olan bir çox Azərbaycan vətəndaşı da qəhrəmanlıq göstərmişdir. Onların arasından ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş İsgəndər Aznaurovun, Yuri Kovalyovun, Albert Aqarunovun və başqalarının adlarını çəkmək olar.Beynəxalq təşkilatların sülh platformaları ilə yanaşı, Azərbaycan region ölkələrinin də münaqişənin həlli istiqamətindəki təşəbbüslərində yaxından iştirak edirdi. 2011-ci ildə Rusiyanın təşəbbüsü iə Kazanda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın işğal etdiyi 7 rayonu Azərbaycana qaytarmağa hazır olduğunu bildirən Kazan sənədini imzalamaqdan imtina etdi. Bunun səbəbi isə Azərbaycanın ətraf rayonlarla yanaşı, Dağlıq Qarabağ bölgəsinin də Azərbaycandan kənarda istənilən statusunu istisna etməsi idi.Formal olaraq, 2016-cı ildən sonra Madrid prinsipləri yaxud konfiqurasiyaları əsasında davam edən sülh danışıqları prosesi, 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş  "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı.Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020- ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi.23 iyulda isə Ermənistan Silahlı Qüvvələri, Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi. Bunun ardınca, Azərbaycan ərazisində, Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi.Azərbaycan Respublikasının Prezidentinin köməkçisi — Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır.

Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur.Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. 4 oktyabrda Cəbrayıl azad edildikdən sonra Ermənistan ordusu cəbhənin cənub istiqamətində sonrakı döyüşlərin də gedişatına təsir edən uğursuz həmləyə, Azərbaycan ordusunun 2016-cı ilin aprelində azad etdiyi “Lələtəpə” yüksəkliyini geri almağa cəhd etdi. Əks-hücum cəhdi nəticəsində Ermənistan ordusunun bir tank polku darmadağın edilib, 800-dən çox hərbçisi məhv olunub (ümumilikdə yaralılarla birlikdə 1500-2000-ə qədər itki verildi) və həmin uğursuz əks-hücum cəhdindən sonra Ermənistan qüvvələri cəbhənin cənub istiqamətində salamat qalan texnikanı da atıb qaçmağa üz tutdular.Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan,25 oktyabrda Qubadlı  və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.. Moskvada  imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi  zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları  azad edilmişdir.Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib.Azərbaycan hakerləri tərəfindən bir sıra erməni saytları sındırılaraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi "Qarabağ Azərbaycandır və Nida işarəsi", həmçinin "Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından" fikirləri yerləşdirilib. Erməni saytlarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoları da yerləşdirilib. 27 sentyabr günorta saatlarında başlayan hücumlarla ümumilikdə 90 erməni saytı sındırılıb. Zəfərə gedən yolda şəhidlərimizin,qazilərimizin əvəzsiz rolu olmuşdur.Dərs dediyim Azərbaycan Dövlət Pedaqoji Kollecinin şəhid məzunları sırasında ilk qadın şəhidimiz Arəstə Baxışova,gizir Cilingir Nəbiyev,İlkin Ağaquliyev Suqovuşan və Qubadlı uğrunda gedən döyüşlərdə öz şücaətini göstərərək Zəfər tariximizə adlarını yazdırmışlarAzərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi.  Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər oldu. Bu müharibədə qələbə Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamışdır.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin"

 

       Könül Hüseynova

   ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar fənn birləşmə müəllimi

 

Çalış öz xalqının işinə yara

Geysin əməlinlə dünya zərxara

Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülərək yaradıcılığı bugünkü günümüzə qədər gəlib çatmış ulu Nizami Gəncəvi....

Ulu Nizamidən bizi çox böyük zaman ayırsa da onun yaradıcılığı bu gün də öz aktuallığını,müasirliyini itirməmişdir. Şairin 30 illik yaradıcılıq ömrünü bir neçə cəhətdən təhlil etmək olar. Ən birincisi Nizami bütün yaradıcılıq həyatını məhz insan təbiətinin öyrənilməsinə həsr etmişdir. Ümümbəşəri əxlaq problemləri və buna həsr olunmuş hər bir həqiqi əsər insan təbiətini öyrənməyə ciddi cəhddir. Şair hər zaman ,mükəmməlliyə, kamilliyə, dünya sirlərini öyrənməyə səy göstərmiş və əsərlərində də bu məsələləri işıqlandırmışdır. Nizaminin əxlaq, əxlaq tərbiyyəsi ilə bağlı dəyərli fikir və ideyaları, hikmətli sözləri neçə-neçə nəsillərin mənəvi tərbiyyəsində önəmli rol oynamış və bu gün də belə bir  rol oynamaqdadır.

İnsana arxadır onun kamalı

Ağlıdır hər kəsin dövləti, malı

Kim ki, yetişmədi ağıldan bara

Oxşar insansifət əjdahalara

Göstərilən nümunədən aydın olur ki, dahi şair filosofun fikrinə görə insanı heyvandan fərqləndirən başlıca əlamət onun ağılı,kamalıdır. Ağıllı insan daim öyrənməyə, elmə yiyələnməyə can atmalıdır. Elmi, savadı qızıldan və var-dövlətdən üstün tutmamalıdır.

Qızılı saymaqla bil ki, səhvin var,

Dünyanın gözünü ağıl parladar.

„Hər uca rütbədən biliniz fəqət, aləmin rütbəsi ucadır əlbət” deyən şair insan zəkasının qüdrətinə inanır, elmin vacibliyindən dönə-dönə bəhs edir. Qeyd etdiyi cəhəti „İsgəndərnamə” poemasında daha aydın görürük.

Ağıllı adamla yaşa səlamət

Nadanın dərmanı törədər illət.

Buradan bir daha aydın görürük ki, dahi şair ağıllı insanlara, alimlərə yüksək qiymət verir. Ən böyük hökmdarların, fatehlərin belə ağıllı adamlarla durub-oturmağa ehtiyacı var.

Ağılsız kəslərlə oturub-duran

Ağıldan,şüurdan deməsin dastan.

Yaxud....

Əlbət ki, əqilli bir qulaq asan

Yaxşıdır həmişə yüz şüursuzdan

Beləliklə mütəfəkkir şairin ədəbi irsinin elmi pedaqoji aspektdə təhlili göstərir ki, onun bütün əsərlərində parlaq xətlə keçən başlıca ideyalardan biri ağıl tərbiyyəsi və elmi dünya- görüşün  formalaşdırılması ilə bağlı məsələlərdir. Şairin fikirlərini belə ümumiləşdirmək olar:

Ağıl insanın ruhudur, ağılsız insan quru bədəndir. Ağlın çırağı isə elmdir,dərin bilikdir. Şairə görə biz hamımız bir-birimizdən öyrənməliyik, keçmişdə yaşamışların və indi yaşayanların həyat təcrübəsi bizə həyat məktəbi olur. Kim bu təcrübəyə biganədirsə, o öz ömür yolunu çətinləşdirir. Şair„ İqbalnamədə” qədim yunan filosoflarının dili ilə əxlaq məsələlərini dönə-dönə təkrar edir. Onun nəzərincə ölçüsüzlük,həddi bilməmək böyük qəbahətdir.

Bütün bəxti dönmüş şahların əlbət,

Ölçü bilməməzlikdən olmuş bəxti bəd.

Şair şəxsi münasibətlərdə də, rəftar qaydalarında da hər kəsin özünə layiq hərəkətin edilməsi tələbini irəli sürmüşdür.

Həyasız adama qarşı sərt rəftar,

Yumşaq davranmaqdan faydalı olar.

Nizami hətta yeməkdə də, içməkdə də mötədilliyə,orta həddə riayət etməyi mühüm əxlaqi vəzifə səviyyəsinə qaldırmışdır.

Saxla əndazəni qədərlə, sayla

Bir az ye, bir az yığ, bir az da payla

Şairin yaradıcılığı ilə yaxından tanış olduqca bir daha anlayırsan ki, alim, yazıçı, müəllim bütün ziyalılar öz xalqı qarşısında ciddi əxlaqi məsuliyyət daşıyırlar. Onun əsərlərinin bügünkü gənclərimizin tərbiyyəsində, onların əsl kamil şəxsiyyət kimi yetişməsində misilsiz xidməti var. Elə bir azərbaycanlı ailəsi tapılmaz ki, onların kitab rəfində N.Gəncəvinin seçilmiş əsərləri olmasın. Təsadüfi deyildir ki, ölkə prezidenti cənab İlham Əliyev bu ilimizi Nizami Gəncəvi ili adlandırmışdır. Hər gələn yeni nəsil onun şeirlərindən, əsərlərindən bəhrələnəcək, öyrənəcək böyüyəcək. Bu mənada addımla bizimlə şairim səni gələcək gözləyir.

 

 

 

     Əsgərova Sədaqət- Nizami Gəncəvi ili

1 -dən səhifə 12
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi uğurlarımızda, torpaqlarımızın düşmən ...
Aşıq Ələsgər-200   Aşıq Ələsgər irsinin təbliği gənc nəslin milli ruhda tərbiyəsinə ciddi ...
                                              Zəfər tarixi Zəfər tariximizin yolu bir qədər ...
  Çalış öz xalqının işinə yara Geysin əməlinlə dünya zərxara Əsrlərdən-əsrlərə, ...
“Zəfərin Mübarək- Azərbaycan!” ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 5 Noyabr ...
Qeyri-ənənəvi rəsm texnikası   Annotasiya. Məqalədə qeyri-ənənəvi rəsm texnikası haqqında ...
Qarabağ millətimizin ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri ...
QARABAĞDAN YÜKSƏLƏN ZƏFƏR HAYQIRIŞI                                       Vətən mənim bu günüm, ...
Günümüz, qələbəmiz mübarək!           10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə ...
Qarabağa  gedən  yol Vətənimin tarixi qədimdir. Bu tarix özündə neçə-neçə acılı səhnələri, göz ...
  ZƏFƏR TARİXİ    Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir. ...
 Zəfər gətirən müharibə               Azərbaycan adlı dövlət bütün azərbaycanlıların sahib ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr ...
Erməni terror aktları-Gəncə və Bərdə faciəsi II Qarabağ müharibəsində ard-arda məğlubiyyət ...
                                                 QAYIDAN TORPAQLAR  -  ŞANLI QƏLƏBƏ!         XX ...
“Zəfərə gedən yol” Tam da bir il öncə -27 sentyabr 2020-ci il  tarixində  Azərbaycan xalqı 44 ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika və Psixologiya fənn birləşmə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti Sevda Həsənovanın Azərbaycan ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Fatma Kərimovanın müsahibəsi. ...
ADPU-nun nəzdində ADPK-nın "İncəsənət və fiziki tərbiyə" fənn birləşməsinin "Fiziki tərbiyə" ...
1. Özünüzü təqdim edin.Mən Əliyeva Tamam Məhəmməd qızı. 29 yaşım var. Azərbaycan Dövlət Pedaqoji ...
Təhsil millətin gələcəyinin inkişafında mühüm rol oynayır. Bu istiqamətdə təhsil müəssisələrinin ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…