Azərbaycan Xalq Cümhuriyyəti-Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Xalq Cümhuriyyəti yaradıldı. AXC Hökuməti, həmçinin, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Xalq Cümhuriyyətinin "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-nin əhalisi 2.8 milyondan çox idi.
Cümhuriyyət Hökuməti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə də nəşr edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə "İstiqlal" (1918–20), "Azərbaycan" (1918–20), "Övraqi-nəfisə" (1919), "Müsəlmanlıq" (1917–19), "Qurtuluş" (1920), "Mədəniyyət" (1920), "Gənclər yurdu" (1918), "Şeypur" (1918–19), "Zənbur" (1919) kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur. Cümhuriyyətə gələn yolda Azərbaycan mətbuatının inkişafında "Molla Nəsrəddin"-in təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları imperializmin müstəmləkəçilik siyasətinə, geriliyə, mövhumata, cəhalətə, xurafata qarşı mübarizədə, maarif və mədəniyyətin tərəqqisində mühüm rol oynadı. Beləliklə, 19 əsrin sonları — 20 əsrin əvvəllərinin bütün bu dövri mətbuat nümunələri Azərbaycanda milli-ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb etmişdir.
Azərbaycanın 1918–20 illərdəki dövri mətbuatı əhalinin müxtəlif zümrələrinin maraqlarını əks etdirirdi. Belə ki, gənclərə məxsus "Gənclər yurdu", tələbə və müəllimlərə aid "Əfkari-mütəəllimin", elm və incəsənət xadimlərinin "Mədəniyyət" kimi qəzet və jurnalları nəşr olunurdu. Onların səhifələrində milli dirçəliş naminə təhsil, elm, maarif və mədəniyyətin inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə, eyni zamanda, ölkədə baş verən ictimai-iqtisadi, siyasi hadisələrə dair məqalələr dərc olunurdu.
Sovet tarixşünaslığında 28 aprel hadisəsi, ideoloji çərçivədə ilkin mərhələdə çevriliş, sonradan inqilab kimi qələmə verilmişdir. Coğrafi-strateji mövqeyi, zəngin təbii ehtiyatı ilə fərqlənən Bakı geniş inqilabi məkanın 4–5 iri mərkəzindən biri sayılırdı. Neft sənayesində kapital axını Bakını "proletar şəhəri" etmişdisə də, milli inqilabçılıq yox dərəcəsində idi. Sovet rejiminin qurulmasında mühüm rol oynamış partiya liderlərinin (əsasən qeyri-azərbaycanlı) əksəriyyəti Bakı mühitindən qaynaqlanmışdı. Moskva siyasətində Bakı Qafqazın inqilabi, Yaxın Şərq üçün siyasi mərkəz statusunda idi. Lenin deyirdi: "Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin."
1920-ci ilin aprelində müstəqilliyi beynəlxalq səviyyədə tanınmış Azərbaycan Xalq Cümhuriyyəti birbaşa hərbi təcavüz nəticəsində süqut etdi. Bu işğal aktına 70 ildən sonra dövlət səviyyəsində siyasi qiymət verildi: "1920-ci il aprelin 27–28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin" (1991-ci il, 18 oktyabr). Azərbaycan xalqının tarixində "Sovet epoxasının" əsasını qoyan həmin tarixdən 90 il ötür. Dövlət müstəqilliyinin bərpası, milli dövlət quruculuğu istiqamətində aparılan siyasət nəticəsində bu gün Qafqaz regionunun liderinə çevrilmiş Azərbaycan Respublikası beynəlxalq arenada öz siması və mövqeyi ilə tanınan bir dövlətdir.