Pedaqoji kollecdə sorğunun nəticəsinə dair tədbir keçirildi.

05 May 2021
Author :  

 

İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur”

“Azərbaycan Dövlət Pedaqoji kolleci böyük tarixi olan bir təhsil ocağıdır. 101 yaş sizlərə balaca rəqəm kimi görünməsin” – Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, fizika elmləri doktoru, professor Şahlar Əsgərov Mektebgushesi.az internet portalının keçirdiyi “mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır” ünvanlı sorğusunda I yerin qalibi olan Pedaqoji kollecin kollektivinə bu nominasiyanı əks etdirən plaketi təqdim edərkən söylədi. Özünü və dostlarını yarıgerçək-yarızarafat “təhsil dərvişləri” kimi təqdim edən təhsil ekspertinin təqdimat mərasiminə belə həvəslə başlaması tədbir iştirakçıları arasında böyük ruh yüksəklıiyi yaratdı.

Ş.Əsgərov təhsillə bağlı bir çox ibrətamiz misalları da xatırladıb “cəmiyyətin yoluna qoyulması, cəmiyyətdə ədalət prinsiplərinin bərqərar olunması biz müəllimlərin əlindədir” söyləyərək Mektebgushesi.az saytının təhsil qurumlarını yaxşı mənada silkələyən bu sorğuların əhəmiyyətini çox yüksək dəyərləndirdi və portalın baş redaktoru Məzahir Məmmədlidən xoş niyyətlə atılmış bu addımı şərh etməsini istədi.

Öz növbəsində Məzahir Məmmədli bildirdi ki, əvvəllər sorğuları yekunlaşdırmaq daha çox vaxt aparırdı: “Lakin indi müvafiq sistem oturuşub deyə, onları daha qısa müddətdə başa vurmaq mümkün olur. Bu dəfə cəmisi 10 gün ərzində 10603 respondentin sorğuda iştirak etməsi çox qürurvericidir. Təsəvvür edin ki, bir İP-dən yalnız bir dəfə səs vermək mümkündür. Yəni, bir insan nə qədər cəhd etsə də, yalnız birinci girişində səsvermədə iştirakçı ola bilir. İştirakçı sayı artdıqca isə saytın imkanları genişlənir. Sorğunu izləyənlərin sayı daimi izləyicilərin sayına əlavə olunduqda biz gün ərzində 30-35, hətta 40 min insanın saytımızla maraqlanmasını müşahidə edirik. Onların əksəriyyəti isə sonradan portalımızın daimi oxucularına çevrilir. Bu isə mütəmadi olaraq təhsil islahatları ilə bağlı yerləşdirdiyimiz materialların oxucuya, başqa sözlə geniş ictimaiyyətə çatdırılması deməkdir. Pedaqoji kollec isə bu sorğularımızda üçüncü qələbəsini qeyd edir. Ardıcıl qələbələrin qazanılması kollecin idarəçiliyinin düzgün qurulmasından, burada önəmli islahatların davam etməsindən xəbər verir. Ona görə də kollecin direktoru, hörmətli İsrayıl İsgəndərov başda olmaqla bütün kollektivi bu uğur münasibətilə təbrik edirəm”.

İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov pedaqoji kollecin fəaliyyətini “görünən kəndə nə bələdçi” aforizmini söyləməklə başladı. Onun sözlərinə görə, görülən işləri təbliğ etməklə biz geridə qalanları həvəsləndirə, irəli çəkə bilərik: “Bu minvalla ölkəmizdə mənfi imicli “Xalq Təsərrüfatı İnstitutu” müasir beynəlxalq səviyyəli UNEC-ə, “Kənd Təsərrüfatı İnstitutu” yüksək səviyyəli ADAU-ya çevrilə bildilər. Bilirsiniz niyə? Çünki ilk növbədə kollektiv ki görür bunlara diqqət var, qayğı var, onlar bir qədər də həvəslənirlər. Bunlar stimullaşdıcı faktorlardır. Biz kolleclərə də sıradan bir təhsil ocağı kimi baxmamalıyıq. Avropa ölkələrində elə kolleclər var ki, onların səviyyəsi bir çox universitetlərin səviyyəsi ilə bərabər tutulur. Onlarda hətta Nobel mükafatı laureatları dərs deyirlər. Biz də öz kolleclərimizi inkişaf etdirib onların nüfuzunu yüksəklərə qaldıra bilərik. Sizin təkrar qələbəniz bir daha təsdiqlədi ki, bu kollec həqiqətən də böyük bir inkişaf yolundadır. Mən sizi təbrik edirəm. Biz – təhsil ekspertləri də daim belə yaxşı işləri təqdir edəcəyik ki, təki təhsilimiz inkişaf etsin”.

Bu yerdə professor Şahlar Əsgərov daha bir məqamı tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, 44 günlük müharibədə Azərbaycan əsgəri öz sözünü dedi. İndi isə sülh dövrüdür. Sülh dövrünün sözünü isə təhsil işçiləri söyləməlidirlər.

Azərbaycan Dövlət Pedaqoji kollecinin direktoru, fizika-riyaziyyat üzrə fəsəfə doktoru İsrayıl İsgəndərov burada qazanılan uğurlara görə kollecin kollektivinə təşəkkür etdi. Onun sözlərinə görə, hər şey qarşılıqlı etimad üzərində qurulanda yeniliklərə nail olmaq mümkündür: “Yeri gəlmişkən, 101 yaşlı kollec paralel olaraq böyük, formalaşmış bir ənənə deməkdir. Ənənəyə hörmət etməyə isə hər kəs borcludu. Eyni zamanda islahat aparılmalı, dəyişikliklərə nail olunmalı, müasirliyi tətbiq etməyi bacarmaq, bax, bu artıq kollektiv şəkildə bir-birini qarşılıqlı surətdə anlamaqla mümkün ola bilir. Biz kollecin ənənələrini qoruya-qoruya ona yeni çalarlar gətirir, onu müasirləşdiririk. Hiss edəndə ki, rəğbət var, yaradıcı mühit var, bax onda doğrudan da insan ürəklənir. Bir də qorxu altında yaradıcılıq ola bilməz. İnsan beyni azad düşünəndə onun məhsuldarlığı da daha çox olur. Yəni sərbəst, motivasiyalı olanda onun məhsulu da qiymətli olur. Mənim hədəfim bu kollecdə yaradıcı bir mühit formalaşdırmağa nail olmaqdır. İndi kollektiv bu istəyinə çatmaq üçün demək olar ki, can qoyur. Bu kollecin inkişafında onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində olması da çox böyük rol oynayır. ADPU-nun nəzdində olmaq və onların tədris planları ilə tədrisin həyata keçirilməsi kollecin müasirləşməsinə, tədrisin keyfiyyətinin yüksəlməsinə bilavasitə təsir edir. Bu amil məzunlarımızın növbəti təhsil pillələrində də uğurla addımlamasında əhəmiyyətli rol oynayır. Təhsilin məzmununda edilən müsbət dəyişikliklər, innovasiyaların tətbiqində də ADPU-nun nailiyyətlərinin tətbiqi bizim fəaliyyətimizdə mütləq şəkildə özünü göstərir”.

İsrayıl müəllim kollektivin sorğuda birinci yeri qazanmasının da səbəblərinə toxunaraq bildirdi ki, bu sorğularda yalnız bir dəfə birinci yeri götürmüş olsaydılar, bəlkə də səsvermədə hansısa bir məcburiyyətdən danışmaq olardı. Amma üç dəfə ardıcıl qələbə kollektivin və ölkə ictimaiyyətinin ortaya qoyduğu münasibətin prizmasının göstəricisindən başqa bir şey deyil. Mektebgushesi.az təhsil portalına gəlincə isə, onlar həqiqətən də bu gün Azərbaycanda böyük bir təhsil ənənəsi formalaşdırırlar.

Kollec direktoru təhsil müəssisəsində yaradılan “Qəhrəmanlıq zirvəsi” adlı auditoriya haqqında da tədbir iştirakçılarını bilgiləndirdi. Məlum oldu ki, kollecdə Azərbaycanın Qarabağ savaşındakı qələbəsinin konturlarını əks etdirən belə bir auditoriya təşkil olunub. Auditoriyanın divarlarını kollecin müəllim və tələbələrinin əl işlərindən hazırlanmış 44 günlük qələbəni əks etdirən rəsm əsərləri bəzəyir. Auditoriyanın girişində Azərbaycanın üçrəngli bayrağının rəsmi həkk olunub. Bayrağın fonunda isə rəmz olaraq “xarıbülbül” gülünün şəkli yerləşdirilib. Auditoriyanın içərisində 12 nəfər qazimizin və bir şəhidimizin haqqında məlumatlar qeyd edilib. Eyni zamanda auditoriyada müharibə zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə nidalı çıxışları auditoriyanın divarlarında əks olunub. Gələcəkdə yeni qəbul olunmuş tələbələrə dərsləri məhz bu auditoriyadan başlamağı planlaşdırırlar.

Kollec direktorunun mektebgushesi.az saytına sorğularla bağlı verdiyi təklif də diqqətçəkən oldu. O, bildirdi ki, yaxşı olar saytın kollektivi gələn dəfəki sorğunu bir ay öncədən elan etsin. Bu bir ay müddətində hər kollec öz portfelini təqdim etsin və o portfel vasitəsilə də kolleclərin fəaliyyətin geniş ictimaiyyət qiymətləndirsin.

İsrayıl İsgəndərov  çıxışının sonunda həm təhsil ekspertlərinə, həm də saytın kollektivinə onların yaxşı işlərinə belə dəyər verdiklərinə, çatışmazlıqları da səmimi şəkildə dilə gətirdiklərinə görə təşəkkür etdi.

Təqdimat mərasimin sonunda professor Şahlar Əsgərov I yerin qalibi nominasiyasını əks etdirən plaketi kollecin direktoru, fizika-riyaziyyat üzrə fəsəfə doktoru İsrayıl İsgəndərova təqdim etdi.

                                                                            

509 Views
Aynur Məmmədli
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…