fbpx
Image
Təhsilinizi peşəkarlara etibar edin.
HAQQIMIZDA

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected] 
İş saatları: 08:30 - 17:30
Bizi İzləyin
Bakı ş. İnşaatçılar pros. 11 +994 12 5372172 +994 51 2908085 [email protected]

      İsrayıl  İsa  oğlu  İsgəndərov

 

 

İsrayıl İsa oğlu İsgəndərov 23 iyun 1957-ci ildə Gədəbəy  rayonu Samanlıq kəndində anadan olmuşdur. 1964-1974-cü illərdə Gədəbəy rayonu Samanlıq kənd orta məktəbində, 1974-1978-ci illərdə isə V.İ.Lenin adına   Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində oxumuş və     riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1978-ci ildən İsmayıllı rayon Aşıqbayram kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb.   

  1981-1984-cü illərdə Azərbaycan Su Problemləri Elmi- tədqiqat Institutunun Hesablama işləri və riyazi modelləşmə sektorunda baş laborant və mühəndis vəzifələrində işləmişdir. Onun su problemləri üzrə tədqiqatları Azərbaycanın Mərkəzi Regionlarında 2005-ci ildən bəri həyata keçirilən İcma Sosial Layihələrində davam etdirilir. Layihələrdən biri (“Bakı-Tbilisi-Ceyhan/ Cənubi Qafqaz Boru Kəməri boyu İçməyə  yararlı Sudan İstifadənin Təkmilləşdirilməsi” layihəsi)   “Dayanıqlılıq üzrə Beynəlxalq Mükafat” -“Energy Globe 2007”-nin milli qalibidir.

     Təhsil və bacarıqların artırılması istiqaməti üzrə 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuş və o, Riyaziyyatda “Qeyri-xətti dalğa tənliklərinin ilkin sərhəd məsələləri”ni tədqiq etmişdir. 1994-cü ildə fizika-riyaziyyat   üzrə elmlər namizədi alimlik dərəcəsi (fizika-riyaziyyat   üzrə fəsəfə doktoru) almışdır. 16 mart 2016-cı ildə   Azərbaycan Respublikası Prezidenti yanında Ali  Attestasiya Komissiyasının qərarı ilə Menecment  kafedrası  üzrə dosent elmi adı verilmişdir.  

 1984-1995-ci illərdə Azərbaycan Su Problemləri Elmi-tədqiqat Institutunun Riyazi modelləşdirmə və Texnoloji Proseslərinin Avtomatik İdarəedilməsi şöbəsinin kiçik elmi işçisi, böyük elmi işçisi və Su təsərrüfatının iqtisadiyyatı   bölməsinin rəhbəri vəzifələrində çalışmışdır. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Beynəlxalq Humanitar və Texniki yardım üzrə Respublika Komissiyasının Nazirlər  Kabineti strukturundakı İşçi Qrupunun böyük referenti   işləmişdir.

 1997-2002-ci illərdə Azərbaycan Su Problemləri Elmi-tədqiqat Institutunun Riyazi modelləşdirmə və Texnoloji  Proseslərinin Avtomatik İdarəedilməsi şöbəsinin Su təsərrüfatının iqtisadiyyatı bölməsinin rəhbəri vəzifəsində işləmişdir.

  1997-ci ildən “Ümid-98” Humanitar və Sosial Dayaq Mərkəzinin (sonradan adı “Ümid” Sosial İnkişafa Dəstək   İctimai Birliyi) icraçı direktorudur. Cənab İsgəndərov   tərəfindən idarə olunan “Ümid” SİD İsgəndərovun   Qafqazda baş verən inkişaf və dəyişikliklər barədə aydın şəkildə məlumatlanmaq imkanı qazanmağına  və regional QHT-lər ilə yaxın əlaqələri olmağına şərait yaradan CRİNGO- nun (Qaçqın və məcburi köçkünlərlə işləyən QHT- lərin Qafqaz Şəbəkəsi) maliyyə agenti olmuşdur.

 Bundan əlavə, 2011-2018-ci il müddətində Azərbaycan Turizm İnstitutunda (hazırki adı Azərbaycan Turizm və Menecment Universiteti) Menecment və Marketinq kafedrasının, 2013-2018-ci illərdə isə “Menecment” kafedrasının rəhbəri kimi çalışmışdır.  Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərancamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir (Vəsiqə No I-391)

 2018-ci ilin iyul-noyabr ayları müddətində o, Azərbaycan Dövlət Pedaqoji Universitetində “Davamlı Təhsil və Təlim” şöbəsinin rəhbəri olmuş və Təhsil Naziri cənab Ceyhun Bayramovun 22 noyabr 2018-ci il tarixli əmri ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə direktor vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2021-ci il tarixli 2609 saylı Sərəncamı "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilmişdir.

Orta ixtisas təhsil müəssisələrindən köçürülmə zamanı ən çox verilən suallar:

Orta ixtisas təhsil müəssisələrində təhsilalanların köçürülməsi qaydaları kimlərə şamil olunur?

Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün orta ixtisas təhsili müəssisələrində (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.

Orta ixtisas təhsil müəssisələrində təhsilalanların bir orta ixtisas təhsili müəssisəsində və ya ixtisasından digərinə köçürülməsi hansı qaydada həyata keçirilir?

Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların köçürülməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış transfer.edu.az elektron portalı vasitəsilə, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Orta ixtisas təhsil müəssisələrində təhsilalanların bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasından digərinə köçürülməsi nə vaxt həyata keçirilir?

Orta ixtisas təhsili müəssisələrində tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi qış və yay tətili dövründə həyata keçirilir.

Orta ixtisas təhsil müəssisələrində təhsilalanlar digər orta ixtisas təhsili müəssisəsinə və ya ixtisasına hansı semestrdən köçürülə bilər?

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunmuş tələbələrin birinci semestr, ümumi orta təhsil bazasından qəbul olunmuş tələbələrin isə üçüncü semestr başa çatdıqdan sonra mövcud Qaydalara əsasən ixtisasını və ya təhsilalma formasını dəyişmək, bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülmək hüququ var.

Əgər tələbə dövlət hesabına təhsil alırsa köçürüldükdən sonra o, hansı formada təhsilini davam etdirir?

Bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülən və ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Ölkə daxilində tələbənin bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasından digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?

Ölkə daxilində tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən (və ya ixtisasdan) digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda (qəbul ilindən asılı olaraq ümumi təhsil pilləsində yekun qiymətləndirmə imtahanlarında və ya orta ixtisas təhsili müəssisəsinə qəbul imtahanlarında) tələbənin topladığı bal (daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazidə yerləşən kollecə öz ixtisası üzrə köçürülmək istədiyi halda isə topladığı balın 1.5 misli) qəbul olunduğu ildə köçürülmək istədiyi orta ixtisas təhsili müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın və akademik göstəriciləri yüksək olsun.

Orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbənin hansı ixtisaslara köçürülmək hüququ var?

Tələbənin təhsil aldığı və köçürülmək istədiyi ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr təhsilalma formasını necə dəyişə bilər?

Tələbənin təhsil aldığı orta ixtisas təhsili müəssisəsində eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi onun ərizəsi əsasında direktorun əmri ilə həyata keçirilir.

Bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasında digərinə köçürülmək istəyən tələbə hansı sənədləri toplamalıdır?

- tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd (akademik transkript); - şəxsin təhsil aldığı orta ixtisas təhsili müəssisəsində ixtisası üzrə kadr hazırlığı aparılmadığını və akademik məzuniyyət müddətinin başa çatdığını təsdiq edən müvafiq sənəd (akademik məzuniyyətdən qayıdan şəxslər üçün); - orta ixtisas təhsili müəssisəsinə qəbul olunarkən topladığı bal haqqında sənəd.

Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrində təhsil alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ var?

Bəli

Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi hansı qaydada aparılır?

Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi məsələsinə qış və yay tətili müddətində onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda müraciətləri əsasında baxılır.

Əgər tələbə bakalavriat səviyyəsində dövlət hesabına təhsil alırsa orta ixtisas təhsili müəssisəsinə köçürüldükdən sonra o hansı formada təhsilini davam etdirir?

Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər və köçürülən şəxs həmin təhsil müəssisəsində köçürüldüyü ixtisas üzrə təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir.

Tələbə hansı halda köçürülmədə iştirak edə bilməz?

Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan orta ixtisas təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.

Bizimlə Əlaqə

Sizi maraqlandıran suallara bizimlə cavab tapın:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 50 798 31 23
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30