Qəbul qaydaları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 8 fevral tarixli 37 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

 

 

Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu

QAYDALARI

  1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu qaydasını müəyyən edir.

1.2. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd (attestat və ya diplom) almış şəxslər malikdirlər.

1.3. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

1.4. Dövlət təhsilalanların orta ixtisas təhsili pilləsində yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

1.5. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir.

1.6. Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müvafiq tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə (300 ballıq şkala üzrə topladıqları bala) əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən həyata keçirilir.

1.7. Müsabiqədə iştirak ödənişlidir.

  1. Ərizələrin qəbul edilməsi

 2.1. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildə və sonrakı illərdə bitirən abituriyentlər tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və müvafiq düyməni basmaqla ərizəsini təsdiq etməlidirlər. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər isə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurduqdan sonra aşağıdakı sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra - SQK) şəxsən təqdim etməklə, ərizələrini təsdiq etdirməlidirlər:

2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2.1.2. tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini (orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı (1 nömrəli əlavə);

2.1.3. Azərbaycan Respublikasında orta ixtisas təhsili müəssisəsini bitirən abituriyentlərə həmin təhsil müəssisəsi tərəfindən verilən və orta ixtisas təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (2 nömrəli əlavə).

2.2. Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

2.3. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi”ni təsdiq etdikdən sonra Mərkəz tərəfindən keçirilən qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edirlər. İmtahanda topladıqları ümumi balları Mərkəzin müəyyən etdiyi müsabiqə şərtlərini ödəyən abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər Mərkəz tərəfindən müəyyən edilmiş cədvəl üzrə Mərkəzin təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanının keçirilməsi şərtləri Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

  1. Qəbul imtahanı

3.1. Bu Qaydaların 3.5-ci bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

3.2. Qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30, riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Qəbul imtahanında abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

3.3. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar müvafiq tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.

3.4. İmtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlamasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir.

3.5. Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanını, eləcə də bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər.

3.6. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər (ingilis, gürcü və sair) dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər. Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

3.7. Qəbul (buraxılış) imtahanlarının nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanında iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

3.8. Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.

  1. 4İxtisas seçimi

 4.1. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar. Abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər.

4.2. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından “məqbul” alan abituriyentlər göstərə bilərlər.

  1. Müsabiqənin keçirilməsi

 5.1. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

5.2. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

5.2.1. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

5.2.2. riyaziyyat fənni üzrə imtahan balı;

5.2.3. Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.

5.3. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

5.4. Abituriyentlərin yerləşdirilməsi onların seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilirlər.

5.5. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən bu Qaydaların 4.1-ci və 4.2-ci bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır.

  1. Yekun müddəalar

 6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

6.2. Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

6.4. Abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

6.4.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;

6.4.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;

6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək;

6.4.4. səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 1 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

6.4.5. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

6.4.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

6.4.7. cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

6.5. Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Qeyd. 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından “məqbul” alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılırlar.

Qeyd. Bu Qaydalarda “müvafiq tədris ili” dedikdə, buraxılış imtahanının nəticələrinin qüvvədə olduğu tədris ili (cari və növbəti) nəzərdə tutulur.

 

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…